
Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Beynəlxalq aləmdə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət olaraq yox, həm də Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edir. Bu gün həmin uğurlu siyasət Azərbaycanı yalnız Qafqazda deyil, bütövlükdə dünyada lider dövlətlər sırasında qərarlaşdırıb. Bütün beynəlxalq tədbirlərdə ölkəmiz tək enerji resursları və geosiyasi mövqeyi ilə deyil, həm də regional lider dövlət olaraq öz gücü ilə milli maraqlarını diktə edir.
Azərbaycan qonşu dövlətlərlə münasibətlərini qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasətlə daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Müasir dövrdə Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə mövqelər, onların dünya siyasətində də həmrəy şəkildə çıxış etdiklərini göstərir. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM və digər regional və beynəlxalq platformalarda bir-birinin suverenliyi və ərazi bütövlüyünü daima müdafiə edirlər.
Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ölkələrimiz arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Azərbaycanla Gürcüstan arasında baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir.
Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.
Gürcüstan və Azərbaycan Avropa ilə Asiyanı birləşdirən tranzit dəhlizləri kimi mühüm rol oynayır. Nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu və avtomobil yollarının inkişafı hər iki ölkə üçün prioritet məsələdir. “Yeni İpək Yolu” layihəsi və “Bir kəmər, bir yol” təşəbbüsü bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Hər iki tərəfin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Hər iki ölkə strateji tərəfdaşlığı gücləndirməkdə və ümumi məqsədlərə nail olmaq üçün birgə işləməkdə qərarlıdır. Bütövlükdə, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər regionda strateji tərəfdaşlıq modelidir. Onlar qarşılıqlı hörmətə, ümumi maraqlara, regional sabitlik və rifah istəyinə əsaslanır. Mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşlər, sazişlərin imzalanması və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir.
Bünyatova Aynur,
Xəzər rayonu, 234 №-li tam orta məktəbin əməkdaşı