AnalitikaGündəmSiyasət

Geniş Avrasiya Məkanında Yeni Geoiqtisadi Əməkdaşlıq Platforması

Geniş Avrasiya regionu ilə bağlı həyata keçirilən layihələr son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələri daha da gücləndirib. Bu inteqrasiya prosesi təkcə iqtisadi sahədə deyil, həm də siyasi, mədəni və humanitar istiqamətlərdə özünü göstərir. Avrasiya məkanında gedən yeni geoiqtisadi proseslər, nəqliyyat və enerji dəhlizlərinin formalaşması bu iki bölgəni vahid strateji məkana çevirir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr — Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz kimi mühüm infrastruktur layihələri Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsinə mühüm təkan verib. Bu layihələr region ölkələrinin bir-birinə iqtisadi asılılığını artırmaqla yanaşı, onların qarşılıqlı əməkdaşlığını və qarşılıqlı maraqlar əsasında formalaşan tərəfdaşlıq münasibətlərini möhkəmləndirib.

Bununla yanaşı, Çin tərəfindən irəli sürülən “Bir Kəmər, Bir Yol” təşəbbüsü də Avrasiya məkanının bütövlüyünü təmin edən əsas amillərdən biridir. Bu təşəbbüs çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələri genişlənir, ticarət dövriyyəsi artır, yeni logistika imkanları yaranır. Azərbaycanın coğrafi mövqeyi isə bu prosesdə mühüm rol oynayır. Ölkəmiz Asiyanı Avropa ilə birləşdirən əsas körpü rolunu oynayaraq regionun tranzit və logistika mərkəzinə çevrilib.

Hazırda Avrasiya məkanında dayanıqlı inkişaf, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat və rəqəmsal əməkdaşlıq kimi istiqamətlərdə də mühüm addımlar atılır. Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələr arasında aparılan dialoqlar regional sabitliyi, iqtisadi inteqrasiyanı və qarşılıqlı etimadı gücləndirir.

Beləliklə, Geniş Avrasiya regionu üzrə həyata keçirilən layihələr təkcə iqtisadi maraqlar üzərində deyil, həm də geostrateji baxımdan yeni əməkdaşlıq platforması formalaşdırır. Cənubi Qafqaz və Mərkəzi Asiya bu əməkdaşlıq çərçivəsində artıq bir-birini tamamlayan regionlar kimi çıxış edir və vahid geoiqtisadi məkanda daha sıx inteqrasiya olunmuş tərəfdaşlar kimi mövqelərini möhkəmləndirirlər.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button