AnalitikaGündəm

Gələcək nəsillər tariximizi bilməlidirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq.

Dövlət başçısı deyib ki, şəhidlərimiz haqq yolunda Vətən uğrunda həlak olublar: “Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”.

Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və «qələbə» iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.

Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.

Siyasi arenada Prezident İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.

Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!

Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.

Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat yaradıldı və son 21 il ərzində bu istiqamətdə əldə edilən uğurlar nəticəsində iqtisadiyyatımız dörd dəfədən çox artdı. Güclü iqtisadiyyat isə öz növbəsində güclü ordunun yaradılmasına imkan verdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu 44 günlük Vətən müharibəsi dövründə sübut etdi. Düşmən üzərində Şanlı qələbə qazanıldı, onlar kapitulyasiya aktına imza atmağa məcbur edildilər. Ötən ilin sentyabrın 19-da cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Buna görə də biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. 21 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi və artıq illərdir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona olan inam və etimadı tam şəkildə döğrultdu, verdiyi sözə əməl etdi. Vətən müharibəsindəki Qələbədən 4 il sonra ölkəmizin ərazi bütövlüyü təmin edilib, torpaqlarımız işğaldan azad edilib. Bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Sürayə Bayramova,
Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button