AnalitikaGündəmSiyasət

Füzulinin azadlığı Azərbaycan xalqının birliyinin və qəhrəmanlığının təntənəsidir

Azərbaycanın dövlətçilik salnaməsində 17 oktyabr tarixi xüsusi bir məna daşıyır. Bu gün Füzuli şəhərinin işğaldan azad olunduğu gündür – Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış, Vətən müharibəsinin ən qürurverici səhifələrindən biri. 27 il ərzində işğal altında qalan Füzuli Azərbaycan xalqının qəlbində daim bir yara, bir nisgil kimi qalmışdı. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi xalqımızın bu nisgilə son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun igidliyi nəticəsində Füzuli uğrunda gedən ağır döyüşlər 17 oktyabrda parlaq zəfərlə başa çatdı. Füzuli istiqamətində aparılan əməliyyatlar həm strateji, həm də simvolik baxımdan mühüm əhəmiyyət daşıyırdı. Düşmən uzun illər ərzində bu bölgədə çoxsaylı istehkamlar qurmuşdu. Lakin Azərbaycan əsgərinin iradəsi, vətən sevgisi və əyilməz ruhu bu maneələri darmadağın etdi. Füzulinin azadlığı ordumuzun qəhrəmanlığını, xalqımızın birliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Füzulinin azad olunması təkcə hərbi qələbə deyildi – bu, həm də ədalətin bərpası, torpaqlarımıza həyatın, ümidin və gələcəyin qayıdışı idi. Məhz Füzulinin azad edilməsi Zəngilan, Qubadlı və Şuşa istiqamətində əməliyyatlara yol açdı və 44 günlük müharibənin ümumi qələbəsi üçün strateji baza yaratdı. Bu gün Füzuli artıq yeni dövrünü yaşayır. İşğaldan sonra tamamilə viran edilmiş şəhər qısa müddətdə bərpa olunmağa başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma proqramı nəticəsində Füzuli regionun müasir infrastruktur mərkəzinə çevrilir. Burada beynəlxalq hava limanı inşa olunub, yeni yollar, körpülər, məktəblər, xəstəxanalar və yaşayış massivləri tikilib. Füzuli şəhərinin bərpası təkcə tikinti deyil, milli ruhun dirçəlişidir. Burada həyat yenidən canlanır, doğma yurdlarına qayıdan insanlar öz evlərini, kəndlərini, bağlarını yenidən qururlar. Şəhərin hər daşında, hər küçəsində azadlıq uğrunda canını fəda edən qəhrəmanların izi, xalqımızın iradəsi və səbrinin möhürü yaşayır. Bu gün 17 oktyabr yalnız tarixi hadisənin ildönümü kimi deyil, həm də milli birliyin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qüdrətinin təntənəsi kimi qeyd olunur. Füzuli şəhəri Azərbaycanın müstəqillik tarixində qəhrəmanlıq və dirçəliş rəmzinə çevrilib. Füzuli şəhərinin azad edilməsi təkcə torpaqlarımızın deyil, həm də xalqımızın mənəvi qələbəsidir. Bu gün hər bir azərbaycanlı üçün 17 oktyabr – qürur, xatirə və minnətdarlıq günüdür. Qəhrəman oğullarımızın qanı, xalqımızın birliyi və dövlətimizin qətiyyəti sayəsində Füzuli yenidən doğuldu, azad və müstəqil Azərbaycanın ayrılmaz parçasına çevrildi.

Orxan Abdullazadə, ​
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button