AnalitikaGündəmSiyasət

Füzuli rayonunun kəndlərində də genişmiqyaslı bərpa işləri gedir

17 oktyabr Azərbaycanda xüsusi bir tarixdir – Füzuli şəhərinin azad olunduğu və işğaldan xilas edildiyi gündür. 2020-ci il 17 oktyabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzulini erməni işğalından azad etdi. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də Füzulinin dirçəliş dövrünün başlanğıcı oldu.
Prezident İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azad edilmiş ərazilərin yenidən qurulması “Böyük Qayıdış” proqramının əsas istiqamətlərindən biridir. Füzuli bu proqramın mərkəzlərindən biri kimi seçilmişdir.
İlk növbədə, rayonun infrastrukturunun tam bərpası istiqamətində böyük layihələr reallaşdırılır. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı tikilərək istifadəyə verildi. Cəmi səkkiz ay ərzində inşa edilən bu hava limanı Prezident İlham Əliyevin Füzuliyə verdiyi strateji əhəmiyyətin bariz nümunəsidir. Hava limanı regionun logistika mərkəzinə çevrilib və həm yerli, həm də beynəlxalq səviyyədə əlaqələrin qurulmasına geniş imkan yaradır.
Bununla yanaşı, Füzuli şəhərində müasir yollar, körpülər, elektrik və su xətləri, qaz təminatı, rabitə və internet infrastrukturu yaradılır. Prezidentin tapşırığı ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir yaşayış məhəllələri salınır. Füzuli şəhərinin baş planı ən yüksək urbanistik standartlara uyğun hazırlanıb. Bu plan çərçivəsində təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin tikintisi də həyata keçirilir.
Füzuli rayonunun kəndlərində də genişmiqyaslı bərpa işləri gedir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Zəfər yolu və digər mühüm magistrallar bu bölgəni ölkənin digər hissələri ilə birləşdirir. Bu layihələr həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir – çünki Füzuliyə qayıdış üçün zəruri şərait yaradır.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Füzuli və digər azad edilmiş ərazilər “ən müasir bölgələrə” çevriləcək. Onun rəhbərliyi ilə aparılan işlər bu sözlərin gerçəkliyə çevrildiyini sübut edir. Artıq Füzuli torpağına həyat qayıdır, doğma yurdlarını illərlə həsrətlə gözləyən insanlar geri dönür.
Füzuli bu gün təkcə bir şəhər deyil, həm də Azərbaycan xalqının iradəsinin, səbrinin və milli birliyinin simvoludur. Bu torpaq azadlıq, yenidənqurma və qürur məkanıdır.

Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button