Analitika

Füzuli intibah dövrünü yaşayır

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Bu gün isə təqvimdə 2023-ci il 17 oktyabr – Füzuli rayonunun işğaldan azad olunması tarixidir. Belə ki, bu gün – oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Füzuli rayonuna səfər edib. Dövlət başçısı səfər çərçivəsində iki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməlini qoyub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş zamanı sakinlər qarşısında çıxış edən dövlət başçısı qeyd edib ki,  bu gün Füzulinin timsalında, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button