AnalitikaGündəmSiyasət

Forum Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini nümayiş etdirdi

2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum bir daha Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunu nümayiş etdirdi. Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı bu tədbirin əhəmiyyətini daha da artırdı. Prezident Cənab İlham Əliyev forum çərçivəsində etdiyi çıxışında dünya siyasətində baş verən proseslərə, Azərbaycanın yeni reallıqlar fonunda mövqeyinə, regional əməkdaşlıq imkanlarına və gələcək strateji prioritetlərə geniş toxundu. Çıxış, həm iştirakçılar, həm də beynəlxalq media tərəfindən maraqla qarşılandı.

Beynəlxalq münasibətlər kontekstində Prezident İlham Əliyev Fransanın siyasətini tənqid etdi. O, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı əsassız ittihamlarına cavab verərək, bu ölkənin Senatının qəbul etdiyi qərəzli qətnamənin Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğuladı. Prezident İlham Əliyev Fransanın sülh danışıqlarında iştirakının mümkün olmadığını, bunun səbəbinin həmin ölkənin rəhbərliyinin mövqeyi olduğunu qeyd etdi. O, həmçinin beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyini və bunun qəbuledilməz olduğunu bildirdi. Enerji sektorunda gələcək inkişaf perspektivlərindən danışan Prezident İlham Əliyev, işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu bildirdi. Bununla yanaşı, su ehtiyatlarının bərpası və su elektrik stansiyalarının yenidən qurulması da əsas hədəflərdən biridir. O, Azərbaycanın yaşıl enerji sahəsində regional liderliyə iddialı olduğunu və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirmək niyyətində olduğunu da qeyd etdi.

Prezident İlham Əliyevin forumdakı çıxışı, Azərbaycanın gələcəkdə yeni dünya nizamının formalaşmasında özünəməxsus yeri və rolu olacağını bir daha təsdiqlədi. Onun nitqi, həm siyasi uzaqgörənlik, həm də regional və qlobal sabitliyə töhfə verməyə yönəlmiş konkret yanaşmalar baxımından aktuallığı və dəyəri ilə seçildi. Forumda səsləndirilən fikirlər Azərbaycanın geosiyasi mövqeyinin gücləndiyini və ölkənin beynəlxalq münasibətlərdə söz sahibi olduğunu bir daha göstərdi.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button