Ermənistanın sülh prosesini sabotaj etməsi özü və region üçün yeni risklər yaradır
“Baş verən hadisələr və proseslər onu sübut etdi ki, otuzillik işğalçılıq siyasəti Ermənistana heç bir üstünlük vermədi. Əksinə, bununla Ermənistan regional inkişaf proseslərindən təcrid edildi, müstəqil ölkə olmaq şansını itirdi. 44 günlük Vətən müharibəsindən sonra isə istər region, istərsə də Ermənistan üçün yeni reallıqlar yarandı. Məhz bu reallıqlar yeni şərtləri diqtə edir: ya sülhlə təhlükəsizlik, ya da yeni risklər və təhdidlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Bu isə nə Ermənistan, nə də region üçün yaxşı olacaq”.
Bunu “Gundemws.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, tarixi-siyasi və hərbi reallıqlara baxmayaraq Azərbaycan sülh mövqeyindən çıxış edir: “Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər saldıqda açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də elə Azərbaycan olub. Hər kəs bilir ki, Azərbaycan inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı, sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdü. Prezident İlham Əliyev Şuşada keçirilmiş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda dediyi kimi Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu”.
“Əgər rəsmi İrəvan yaranmış tarixi şansdan istifadə edib konstruktiv olmasa, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq, Ermənistan yenə də təcrid olunacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın iradəsi sülh məsələsində ikiistiqamətli yanaşma – Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar olmasından ibarətdir. Yəni, sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhdlər qeyri-məhsuldar olacaq.