Gündəm

“Əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkilinə və istedadlarının üzə çıxarılmasına dəstək” adlı inklüziv konsert proqramı keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, Yeni Klinika, “Medical Media MMC”, “Baku Bus” MMC, Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin və “Eşitmə və nitq məhdudiyyətli şəxslərə” Sosial Yardım İctimai Birliyi ilə birgə “Əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkilinə və istedadlarının üzə çıxarılmasına dəstək” adlı inklüziv konsert proqramı təşkil edib.

Gundemws.az xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

3 saylı Respublika internat məktəbinin şagirdləri və “Eşitmə və nitq məhdudiyyətli şəxslər” İctimai Birliyinin üzvlərinin təqdimatında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

“Biz Bir Ailəyik” Əlillərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə, Milli Məclisin deputatı Vüqar İsgəndərov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər. Ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, mədəni istirahətinin təşkili, özünüməşğulluğunun təminatı, bilik və bacarıqlarının üzə çıxarılması, idman məşğələlərinə cəlb olunması sahəsində həyata keçirilən səmərəli tədbirlərdən danışılıb, həmin kateqoriyadan olanlara ardıcıl qayğı göstərilməsinin vacibliyindən bəhs edilib. Qeyd olunub ki, əlilliyi olan şəxslərin maarifləndirilməsi, istedadlarının aşkar edilməsi, mədəni istirahətlərinin təşkili sahəsində İctimai Birliyin gördüyü işlər təqdirəlayiqdir və sosial xidmət müəssisəsində təşkil edilən inklüziv konsert proqramı bu sahədə təşkil edilən növbəti tədbirlərdəndir.

Çıxışlardan sonra konsert proqramı olub. Əlvan musiqi və rəqs nömrələrindən ibarət şou proqram müəssisənin sakinlərinə və tamaşaçılara xoş təsir bağışlayıb.

Sonda mükafatlandırma mərasimi keçirilib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button