
2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü Azərbaycan diplomatiyasının mühüm uğuru kimi yadda qaldı. Prezident İlham Əliyevin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir həm siyasi, həm də iqtisadi baxımdan ölkənin nüfuzunu bir daha nümayiş etdirdi. Xankəndi şəhərinin seçilməsi isə xüsusi rəmzi məna daşıyırdı – bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üzərində qurulan yeni dövrün simvolu oldu.
Zirvə görüşündə İƏT üzvü olan ölkələrin dövlət və hökumət başçıları iştirak etdi. Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və enerji təhlükəsizliyi məsələləri ətrafında ətraflı müzakirələr apardılar. Xüsusilə nəqliyyat dəhlizlərinin inkişafı və birgə infrastruktur layihələri diqqət mərkəzində idi. Azərbaycan Prezidenti bu istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslərlə iştirakçıların diqqətini çəkdi.
İlham Əliyevin çıxışında vurğuladığı əsas məqamlardan biri də Xankəndinin regionun sabitlik mərkəzinə çevrilməsi ilə bağlı idi. O, Azərbaycanın sülhə və əməkdaşlığa açıq olduğunu, lakin milli maraqlardan heç zaman güzəştə getməyəcəyini xüsusi olaraq qeyd etdi. Zirvə toplantısı çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli sənədlər imzalanaraq əməkdaşlığın hüquqi bazasını genişləndirdi.
Xankəndidə keçirilən bu görüş təkcə iqtisadi deyil, həm də siyasi mesaj daşıdı. Bu tədbir, Azərbaycanın Cənubi Qafqazda aparıcı rola malik olduğunu və beynəlxalq tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər qurduğunu bir daha nümayiş etdirdi. İƏT-in 17-ci Zirvə görüşü həm Azərbaycanın regional liderlik iddiasını möhkəmləndirdi, həm də sülh və inkişaf yolunda yeni səhifə açdı.
YAP Xəzər rayon təşkilatının fəalı
Ələkbər Novruzov