Əbədiyaşar tarixi şəxsiyyət
Azərbaycan tarixində müdrik dövlət adamları sırasında Heydər Əliyev ayrıca və misilsiz mövqe tutur. Həmin mövqe tarixin bu böyük şəxsiyyətin öhdəsinə qoyduğu missiyanın, vəzifələrin mürəkkəbliyi ilə bağlı idi: müstəqil Azərbaycan dövlətini yaratmaq! Tariximizdə Heydər Əliyev epoxasının təyinatı belə idi. Tale dahi insana Azərbaycanın müstəqilliyini bərpa, sonra isə onu dönməz etmək vəzifəsi ayırmışdı. Ulu öndər 50-ci illərin ortalarından ömrünün sonuna qədər bu missiya ilə məşğul oldu. Həm özünü, həm də doğma xalqını, dövlətini bu missiya üçün hazırlamışdı.
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Dövlətimiz 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra, müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşdi. Hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşdi. Sadalananların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı oldu. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndər, Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, genişmiqyaslı islahatlara başlandı.
Ulu Öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək tərəqqisinin əsası oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur – yüksək qiymətləndirilir. Respublikamızın moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır, Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir: Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə “Heydər Əliyev İli” kimi daxil olub. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Bu ilin “Heydər Əliyev İli” kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Sözügedən Sərəncam, “Heydər Əliyev İli”nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də, mükəmməl şəkildə hazırlanmış dövlət Sərəncamını “Heydər Əliyev İli”nin aydın yol xəritəsi də adlandırmaq olar.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi