
Xəzər regionunun ən nüfuzlu enerji tədbirinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də bir çox dünya ölkələrinin dövlət və hökumət rəsmilərinin, şirkət nümayəndələrinin, yüksək səviyyəli qonaqların və beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini qat-qat artırır. Məlum olduğu kimi, Azərbaycan paytaxtı uzun müddətdir ki, nüfuzlu tədbirlərin keçirildiyi və mühüm qərarların qəbul edildiyi, əməkdaşlıqların müzakirə olunduğu məkana çevrilib. Bundan əlavə, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü deməyə müvəffəq olub. Belə ki, hazırda Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmizin həm regionda, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən Bakı Enerji Həftəsinin təşkilatçıları isə “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşları olan “İCA Events” və “Caspian Event Management” şirkətləridir. Baş tərəfdaşı SOCAR olan Bakı Enerji Həftəsinin builki sponsorlarının siyahısı da olduqca genişdir. Bu da, heç şübhəsiz, Bakı Enerji həftəsinin nüfuzunu və yüksək statusunu təsdiqləyir.Cənab Prezident İlham Əliyevin iyunun 2-də Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı müraciət ölkəmizin enerji strategiyasının keçmişinə və gələcəyinə aydın baxış təqdim etdi. Bu mühüm beynəlxalq enerji toplantısı artıq təkcə regional deyil, həm də qlobal miqyasda nüfuzlu enerji platformasına çevrilərək Azərbaycanın enerji diplomatiyasının və iqtisadi modernləşməsinin mühüm dayaqlarından biri kimi özünü qabarıq büruzə verdi. Dövlətimizin başçısı müraciətində bildirdi ki, Bakı Enerji Həftəsinin tarixi Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Caspian Oil & Gas” sərgisi ilə başlayır. Bu sərgi müstəqilliyimizin ilk illərində Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını gerçəkləşdirən önəmli hadisələrdən biridir. Məhz belə bir tədbirin əsasında formalaşan Bakı Enerji Həftəsi hazırda təkcə neft və qaz məsələlərinin deyil, həm də bərpa olunan enerji, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf mövzularının müzakirə olunduğu çoxşaxəli platformadır. Bakı Enerji Həftəsi dünya üzrə enerji siyasətçilərinin, şirkət rəhbərlərinin, beynəlxalq təşkilatların və ekspertlərin diqqət mərkəzindədir. Burada aparılan diskussiyalar və bağlanan əməkdaşlıqlar Azərbaycanın qlobal enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu forum həm də enerji sahəsində strateji tərəfdaşlıqların qurulması üçün unikal fürsətlər yaradır. Ölkə rəhbərinin müraciətində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın “yaşıl” enerji gündəliyinin genişlənməsidir. Cənab Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın enerji strategiyası bu gün artıq yalnız karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır. İqlim dəyişiklikləri, enerji keçidi və texnoloji innovasiyalar fonunda respublikamız alternativ və bərpa olunan enerji mənbələrinə yönələn məqsədyönlü siyasət yürüdür. Bakı Enerji Həftəsi Azərbaycanın geosiyasi və iqtisadi imkanlarını bir daha ortaya qoyaraq sübut edir ki, ölkəmiz həm enerji istehsalında, həm də qlobal enerji siyasətinin formalaşdırılmasında söz sahibinə çevrilib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu forum təkcə enerji sahəsinin deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıqlarının gücləndirilməsi baxımından da beynəlxalq aləmdə yüksək dəyərləndirilib. Burada bir məqamı da diqqətə çatdırmaq istərdik. Azərbaycanın açıq dənizə çıxışı olmamasına baxmayaraq, ölkəmiz son illər ərzində Avrasiyanın aparıcı nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilib. Bu nailiyyət təsadüfi deyil, Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu nəticə infrastruktur layihələrinə yatırılan böyük sərmayələrin, strateji planlaşdırmanın və davamlı siyasi iradənin nəticəsidir. Xəzər dənizindən Aralıq və Qara dənizədək uzanan strateji enerji marşrutları Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini möhkəmləndirib.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi