AnalitikaGündəmSiyasət

Dövlətçilik ənənələrinin yeni mərhələdə davamlılığı

Azərbaycanın müasir inkişaf tarixinin hər bir səhifəsi dövlətçilik iradəsinin, milli düşüncənin və zamanın sınaqlarından keçmiş siyasi kursun ardıcıl şəkildə davam etdirilməsinin nümunəsidir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da bu baxımdan yalnız mühüm siyasi hadisə deyil, Azərbaycanın qarşısında açılan yeni tarixi mərhələnin istiqamətlərini müəyyən edən mühüm hadisə kimi qiymətləndirilə bilər. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqində səsləndirilən fikirlər göstərir ki, dövlət quruculuğu fasiləsiz prosesdir və hər bir tarixi nailiyyət öz ardınca yeni məsuliyyətlər gətirir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi xalqımızın çoxəsrlik tarixində möhtəşəm hadisə olmaqla yanaşı, dövlətçilik qarşısında yeni üfüqlər açıb. İndi əsas məqsəd bu möhkəm təməl üzərində daha qüdrətli dövlət, daha güclü cəmiyyət və daha firavan həyat qurmaqdır.

Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi yalnız siyasi qərarların qəbul edilməsi ilə tamamlanmır. Bu ənənələr cəmiyyətin hər bir təbəqəsində, hər bir ailədə, hər bir əmək kollektivində, hər bir şəhər və rayonda yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir. Bu mənada Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. İnsanlarla birbaşa ünsiyyətin genişləndirilməsi, onların problemlərinin öyrənilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və dövlət siyasətinin mahiyyətinin düzgün izah olunması siyasi fəaliyyətin əsas istiqamətlərindən biri olmalıdır. Şəhər və rayonlarda keçirilən müşavirələr də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə toplantılar görülən işlərə nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün daha çevik, daha məqsədyönlü və daha nəticəli fəaliyyətin əsaslarını müəyyənləşdirməlidir. Dövlətçilik düşüncəsi gündəlik fəaliyyətə çevrildikdə onun gücü daha da artır.

Azərbaycanın qarşısında duran yeni vəzifələrin uğurla yerinə yetirilməsi üçün keçmişdən gələn siyasi irsə hörmətlə yanaşmaqla yanaşı, müasir çağırışlara uyğun düşünmək də vacibdir. Bu gün dövlətimizin gücü onun siyasi sabitliyində, iqtisadi imkanlarında, müdafiə qüdrətində və xalq-dövlət birliyində özünü göstərir. Lakin bütün bunların davamlı olması üçün hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. VIII Qurultaydan irəli gələn vəzifələrə bu prizmadan yanaşdıqda aydın görünür ki, qarşıdakı dövr yalnız dövlət strukturlarının deyil, bütövlükdə cəmiyyətin fəallığını tələb edir. Azərbaycan artıq öz tarixinin yeni səhifəsini yazır və bu səhifənin məzmununu yalnız görülən böyük layihələr deyil, həm də vətəndaş məsuliyyəti, qanunlara hörmət, Vətənə sədaqət və dövlətçilik dəyərlərinə bağlılıq müəyyən edəcək.

Faiq Xələfov,
YAP Xəzər rayon təşkiılatının fəalı 

Oxşar Xəbərlər

Back to top button