
Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan son dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı institusional islahatların mühüm tərkib hissəsidir. Bu dəyişikliklərə yalnız əməkhaqqı mexanizminin yenilənməsi kimi yanaşmaq kifayət etmir. Burada söhbət dövlət idarəçiliyinin keyfiyyətindən, peşəkar kadrlardan daha düzgün ifadə olunmasından gedir.
Bu fikirləri Gundemws.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev söyləyib. Rektor diqqətə çatdırıb ki, müasir dövlət idarəçiliyi əməkhaqqı sistemində daha aydın quruluşu, vahid yanaşmanı zəruri edir. Bu baxımdan aparılan dəyişikliklər yeni mərhələnin tələblərinə uyğun təkmilləşmədir.
“Yeni modelin mahiyyəti əməkhaqqı sistemində formalaşmış mürəkkəbliyi və disproporsiyaları aradan qaldırmaqdan ibarətdir. Əvvəllər ayrıca əlavələr formasında ödənilən hissələrin aydın və vahid struktur daxilində formalaşdırılması dövlət qulluğunda əməkhaqqı sistemini daha sabit edir. Eyni zamanda, hesabatlılığı gücləndirir, vəzifə ilə ödəniş arasındakı əlaqəni daha şəffaf və məntiqli əsasda qurur”, – deyə professor bildirib.
Rektor qeyd edib ki, bu islahatın mühüm tərəflərindən biri də əməkhaqqı sistemində uzun illər ərzində yığılıb qalmış bəzi fərqlərin azaldılması üçün real zəmin yaratmasıdır: “Vahid yanaşma gücləndikcə bərabər imkanlar da möhkəmlənir. Dövlət qulluqçularının gəliri daha dayanıqlı və öncədən hesablana bilən xarakter alır. Gələcəyini daha aydın görən, əməyinin necə qiymətləndirildiyini bilən əməkdaş öz peşəkar fəaliyyətində daha məsuliyyətli, inamlı və dayanıqlı olur.
Bu gün əmək bazarında seçim imkanları daha genişdir. Peşəkar kadrlar isə öz əməyinin harada daha layiqli qiymətləndirildiyinə diqqət yetirir. Belə şəraitdə dövlət qulluğu, eyni zamanda, rəqabətqabiliyyətli əməkhaqqı sistemi hesabına gənc, hazırlıqlı və peşəkar insanlar üçün real seçimə çevrilə bilər.
Xüsusilə gənc kadrlar baxımından bu dəyişikliklərin əhəmiyyəti böyükdür. Əvvəlki modeldə ümumi gəlirdə müxtəlif əlavələrin xüsusi çəkisinin yüksək olması bəzi hallarda dövlət qulluğuna yeni qəbul olunan şəxslərin mövqeyini nisbətən zəif göstərirdi. Yeni model isə peşəkar inkişaf yoluna yeni başlayan mütəxəssisə daha aydın perspektiv təqdim edir. Bu yanaşma dövlət qulluğuna sabahın kadrını cəlb etmək baxımından da əhəmiyyət daşıyır”.
Rektor diqqətə çatdırıb ki, bu dəyişikliklər ali məktəblərdə təhsil alan gənclər üçün mühüm siqnaldır: “Dövlət qulluğunda daha şəffaf və proqnozlaşdırılan əməkhaqqı modelinin formalaşması bugünkü tələbə üçün bu sahəni daha cəlbedici və perspektivli karyera istiqamətinə çevirir. Digər bir mühüm həqiqət isə ondan ibarətdir ki, əməkhaqqının səviyyəsi, strukturu və müəyyən olunma qaydası real ehtiyacları və nəticəyönümlü xidməti əks etdirmirsə, bu, təkbaşına xidmət keyfiyyətini yüksəltmir. Başqa sözlə, məsələ yalnız maaşın artmasında deyil, maaşın düzgün qurulmuş sistemə çevrilməsindədir”.
Vilayət Vəliyev vurğulayıb ki, dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid vaxtında qəbul edilmiş, strateji baxımdan düzgün və zəruri qərardır: “Bu dəyişikliklər əməkhaqqı sistemini daha aydın və dayanıqlı edir, sosial müdafiəni gücləndirir, peşəkar kadr potensialını möhkəmləndirir, dövlət qulluğunun əmək bazarında rəqabət qabiliyyətini artırır və korrupsiyaya qarşı mübarizəyə əlavə institusional dayaq yaradır.
Ən başlıcası isə budur ki, dövlət qulluğunda əməkhaqqı sistemində aparılan yeniliklər idarəetmədə aydın qaydaların, sabit təminatın və ədalətli yanaşmanın möhkəmlənməsinə xidmət edir. Bu dəyişikliklər sosial müdafiəni gücləndirməklə yanaşı, peşəkar kadr siyasəti üçün sağlam zəmin yaradır”.



