AnalitikaGündəm

Dövlət başçısının açıqlamaları Azərbaycanın gələcək strategiyasını və dünya siyasətindəki yerini göstərən vacib mesajlar olub

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi, regional təhlükəsizlik və qlobal çağırışlar baxımından mühüm məqamları önə çıxarıb. Müsahibədə dövlət başçısı dünya siyasətində baş verən proseslərə yanaşmasını ifadə edərək, Azərbaycanın mövqeyini və təcrübəsini bölüşüb.

Beynəlxalq münasibətlər sistemində Forumların əhəmiyyəti xüsusi vurğulanıb. Prezident qeyd edib ki, qlobal problemlərin müzakirə edildiyi belə platformalar yeni yanaşmaların formalaşmasına, əməkdaşlığın genişlənməsinə və ortaq həll yollarının tapılmasına töhfə verir. Lakin bəzi beynəlxalq təşkilatların ya təsirsiz qalması, ya da tamamilə fəaliyyət qabiliyyətini itirməsi qlobal idarəetmədə ciddi boşluqlar yaradır. Bu hal dünya nizamının dəyişməkdə olduğunu və yeni institutların zəruriliyini ortaya qoyur.

Cənubi Qafqazın uzun müddət qarşıdurma və düşmənçilik zonası olması reallığı da diqqət mərkəzinə çəkilib. Prezident İlham Əliyev Azərbaycanın bu çətin geosiyasi mühitdə hər zaman müstəqil siyasət yürütməyə üstünlük verdiyini və milli maraqlarını qorumaq üçün heç bir xarici təsisata arxalanmadığını bildirib. O vurğulayıb ki, Azərbaycanın bu strategiyası özünü doğruldub və uğur qazanıb.

Müsahibə zamanı sülh sazişinin imzalanmasının vacibliyi məsələsi də gündəmə gəlib. Dövlət başçısı qeyd edib ki, bu sazişin imzalanması bölgədə uzunmüddətli sabitliyin təmin edilməsi üçün əsas şərtdir. O bildirib ki, əgər tərəflər sülhə nail olmasa, gərginlik davam edəcək və təhlükəsizlik məsələləri açıq qalacaq.

Prezident İlham Əliyev həmçinin qlobal dəyişikliklərin hələ yeni başladığını və bu proseslərin gələcəkdə daha da sürətlənəcəyini vurğulayıb. O, Azərbaycanın bu dəyişikliklərə uyğun çevik siyasət yürütməyə hazır olduğunu və milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.

Bu müsahibə Azərbaycanın beynəlxalq aləmdə öz müstəqil mövqeyini qorumağa və qlobal proseslərdə aktiv iştirak etməyə davam etdiyini bir daha təsdiqləyib. Dövlət başçısının açıqlamaları Azərbaycanın gələcək strategiyasını və dünya siyasətindəki yerini göstərən vacib mesajlar olub.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button