
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib.
Gundemws.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğın baş verib. Yaxınlıqda olanlar səsə gəliblər.
“Yanıq xəsarətləri vardı. Yanırdı, paltarları əynində ərimişdi”, – hadisə şahidlərindən biri bildirib.
Məlumata görə, yeniyetmə dərsdən qayıdan zaman dayanmış vaqonun üstünə çıxaraq şəkil çəkdirmək istəyib. Hadisə də o anda baş verib.
Məktəbli dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, saat 13:00 radələrində cərəyan vurması səbəbilə 14 yaşlı şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona elektrik cəryanının təsiri, bədənin 65%-dən çox hissəsinin termiki yanığı, yanıq şoku diaqnozu təyin olunub.
Pasiyentə ilkin tibbi yardım göstərilib və daha ixtisaslaşdırılmış müalicə üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib.



