“Dəmir yumruğ”un Füzuli salnaməsi.!
17 oktyabr Azərbaycanın ən yeni tarixinə şan və şərəf salnaməsi kimi yazılan 2020-ci il Vətən müharibəsinin qalibiyyət soraqlı günlərindən biri – Füzuli şəhərinin erməni işğalından azad edilməsi günüdür. 44 günlük müharibənin 21-ci günündə Azərbaycan Ordusu Zəfər salnaməsinə daha bir şanlı səhifə yazdı. Cəbhənin cənub cinahından Füzuli istiqamətində hücumu davam etdirən Silahlı Qüvvələrimiz Füzuli rayon mərkəzinin 27 ildən artıq davam edən işğalına son qoydu. Bu, Cəbrayıldan sonra Vətən müharibəsində işğaldan azad edilən ikinci rayon mərkəzi idi. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazi. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
– Mümkünsüzü mümkün etmiş Azərbaycan Ordusu. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır.Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. “17 oktyabr Füzulinin işğaldan azad olunması günü”nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır.!
Uzun illərin doğma torpaq həsrəti sona çatmışdır! Füzulililər ən qısa müddətdə düşmən tərəfindən viran qoyulmuş,yandırılmış, susuzluqdan qovrulmuş torpaqları inkişaf etdirərək əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcəklər! Füzuli rayonunda aqrar sektorun yenidən qurulması və inkişafı ən müasir texnologiyaların tədbiqi ilə həyata keçirərək ixracyönümlü bir kənd təsərrüfatı rayonuna çevriləcəkdir.!
Abbasova Yeganə,
YAP-ın fəalı