Bu gün ölkəmizin üzərində dalğalanan üçrəngli bayrağımız ilk dəfə 1918–ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradıqdan sonra Məmmədəmin Rəsulzadə mühacirətdə olarkən 1923 – cü ildə “Əsrimizin Səyavuşu” əsərində Azərbaycan gənclərinə müraciət edərkən deyir: “ Ey əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.
Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir. Dövlət Bayrağımızın rənglərinin ideologiyası Əli bəy Hüseynzadəyə məxsusdur. Müqəddəs bayrağımızın hər rəngi tariximizlə həmahəngdir – burada mavi rəng türk mənşəli tariximizə işarədir, qırmızı rəng müasirlik və inkişafımızı izah edir, yaşıl rəng isə islam dininə mənsubluğumuzu ifadə edir. Həqiqətən də xalqımız bu bayrağı yenidən qaldırdı.
1990 – cı il noyabrın 17- də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin Üçrəngli bayrağı Muxtar Respublikanın bayrağı kimi qəbul olundu. 1991 – ci il fevralın 5 – də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olundu. 2009 – cu il noyabrın 17 – də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı. O gündən etibarən hər il noyabr ayının 9–u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010 – cu il sentyabrın 1 – də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə – istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. 2010 – cu il noyabrın 9–da Dövlət Bayrağı günündə Bakıda Dövlət Bayrağı muzeyinin açılışı olub.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlər bayrağı milli suverənliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bayraq-millətin kimliyi, varlığı, şərəfidir.
Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!
Rzayeva Səmayə,
Xəzər rayonu, 123 №-li tam orta məktəbin tarix müəllimi