Analitika

Dağıdıcı ermənilər və qurucu azərbaycanlılar

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir”. Ermənistan 28 il ATƏT-in Minsk qrupunun vasitəçiliyilə davam edən danışıqlar prosesini daim pozurdu. Bu da onu göstərirdi ki, rəsmi İrəvan sülh istəmir, sadəcə danışıqların imitasiyası ilə məşğul olur. Ona görə də, Azərbaycan dövləti münaqişəni öz gücü ilə həll etməyə məcbur oldu. Dövlətimiz təkbaşına BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etdi. Əlbəttə ki, həm BMT Təhlükəsizlik Şurası, həm də ATƏT istəsəydi Ermənistanı sülhə məcbur edərdi. ATƏT-in Minsk qrupunun həmsədrləri olmuş ABŞ, Rusiya və Fransa BMT TŞ-nın daimi üzvləridir. Problemin sülh yolu ilə həll olunmaması bu qurumların Azərbaycana qarşı ikili standartlarının təzahürü idi. 30 illik danışıqlar prosesinin iflasa uğraması göstərdi ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişikliklər, islahatlar aparılmalıdır. beynəlxalq təşkilatların dünyada sülhə, sabitliyə töhfə verməsi zəruridir. Amma təəssüf ki, bu gün beynəlxalq hüquq işləmir. Ona görə də, beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirə bimirlər. Ən acınacaqlısı odur ki, bu qurumlar müəyyən beynəlxalq güclərin əlində alətə çevrilib. Bu səbəbdən də, beynəlxalq qurumlarda islahatların aparılması olduqca zəruridir. Onlar proseslərə yanaşmada hansısa qüvvələrin maraqlarına uyğun çıxış etməməli, yalnız beynəlxalq hüquq normalarını əsas götürməlidirlər. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir, 44 günlük müharibədən sonra ona ehtiyac qalmayıb. Amma ölkəmiz BMT və ATƏT-in üzvü olaraq bu təsisatlarla əməkdaşlıq etməlidir və edir. Dövlətimiz bölgədə sülhün təmin olunmasına yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu qurumlar da əgər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək istəyirlərsə, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməlidirlər. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Azərbaycan ermənilərin darmadağın etdiyi  torpaqlarımızda Gülüstan yaradır.  2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərin bərpa-quruculuq işlərinə 10 milyard manatdan çox maliyyə vəsaiti xərclənəcək. Bütün bunlara rəğmən hər iki xalqın xarakteri aydın görünür: dağıdıcı ermənilər və qurucu azərbaycanlılar.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button