“Genişmiqyaslı, planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına, eləcə də təxribatlara, siyasi-psixoloji təzyiqlərə baxmayaraq, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a uğurla ev sahibliyi etdi və iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Qısa müddət ərzində bütün hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirən Azərbaycan dünya birliyinin növbəti dəfə etimadını və inamını doğrultdu. Mübaliğəsiz demək mümkündür ki, 80 dövlət və hökumət başçısının, ümumilikdə 196 ölkə üzrə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, COP29 Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm uğuru oldu: “Çünki COP29 rahat və hər kəsin həmrəy olduğu ümumi məsələlərin müzakirə edildiyi platforma deyildi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Burada qeyd olunan məqsədə nail olmaq isə dünyanın inkişaf etmiş ölkələrindən, xüsusilə də ABŞ, Avropa İttifaqı dövlətləri və Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Əlbəttə ki, Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Bu mənada, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Beləliklə də, Azərbaycanın COP29 sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29-da müzakirələrin ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getməsinə baxmayaraq, Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Məhz belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bununla da Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı”.
“Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyərək 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi barədə qərarın qəbulu Azərbaycanla bağlı şübhəsi olan hər kəsi yanıltdı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, COP29-da qəbul edilmiş qərarlar qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək: “Onu da əlavə edək ki, COP29-da qəbul edilmiş Bakı Maliyyə Məqsədi ilə yanaşı yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə də son qoyuldu və bu məsələ tam şəkildə Bakıda razılaşdırıldı. Eyni zamanda, Azərbaycan COP29 çərçivəsində Zərər və İtki Fondunu işə salmağa, fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Bütün deyilənlərlə yanaşı COP29 çərçivəsində yaşıl enerji və yaşıl iqtisadiyyata keçidlə bağlı bir çox razılaşmalar əldə olundu. Bütövlükdə, Azərbaycan COP29-a uğurlu sədrliyi ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu”.