AnalitikaGündəmSiyasət

Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əlaqələr dinamik şəkildə inkişaf edir və Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bir daha vurğulanıb ki, bizim indi çox fəal siyasi dialoqumuz var. Prezident İlham Əliyev bəyanatda bu gün Çex Respublikası ilə bir çox məsələlər ətrafinda, o cümlədən regional, ikitərəfli həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparıldığını xüsusi qeyd etmişdir.

  Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ilk siyasi diplomatik əlaqələrin qurulmasının qısa xronikasına müraciət etsək, məlum olur ki,Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 8-də tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildən qurulmuşdur. 2015-ci ilin sentyabrın 15-də Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.

 Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir və uzun illər ərzində Çexiya və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi çıxış edir.Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən, Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir.Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığında ticarət dövriyyəsi də əhəmiyyətli yer tutur və ticarət dövriyyəsinin strukturuna baxanda burada əsas Azərbaycan neftinin ixracı üstünlük təşkil edir.

 İki ölkə arasında digər önəmli əməkdaşlıq sahələrindən biri müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun illərdir ki, uğurlu əməkdaşlıq aparılmaqdadır.Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında qeyd olunduğu kimi “Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir.” Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə müştərək əlaqələr dövlətimiz üçün xüsusi önəm daşıyır.

 Bu gün bizi əhatə edən gərgin beynəlxalq aləmdə əksəriyyət dünya dövlətləri ilə uğurlu əməkdaşlıq aparmağımız dövlətimizin bütün sahələrdə mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır, ölkəmizin qarşısında çox gözəl perspektivlər açır.

Xəzər rayonu, 92 nömrəli tam orta ümumtəhsilməktəbinin tarix müəllimi
Osmanova Məlahət

Oxşar Xəbərlər

Back to top button