
Qafqaz xalqlarının, xüsusən də Cənubi Qafqaz xalqlarının dinc bir şəraitdə yaşamasının böyük bir tarixi var. Səfəvilər dövlətinin dövründə də bu xalqlar uzun müddət bir yerdə yaşayıblar. Sadəcə, Çar Rusiyası gələndən sonra hayları bu bölgəyə köçürməyə başladı. Yəni XIX əsrin əvvəllərində Qacarlar dövləti Rusiya ilə müharibədə məğlub olduqdan, Türkmənçay müqaviləsindən sonra hayların bu bölgəyə köçürülməsi tədricən proseslərdə problem yaratdı. Söhbət Cənubi Qafqaz xalqlarının bir arada yaşamasından gedir. Çar Rusiyasının süqutundan sonra Zaqafqaziya Seymi yarandı. Burda əsasən ermənilər sülh prosesinə mənfi təsir göstərsələr də, hər halda Zaqafqaziya Seymində qısa müddətli müstəqillik oldu. Yəni belə bir təcrübə də vardı. Cumhuriyyət dönəmində də bu sahədə müsbət inkişaf vardı.
Sonrakı dövrdə, Sovetlər zamanında ermənilər, qismən də gürcülər problem yaratsalar da, bütövlükdə stabillik mövcud idi. Sovet dövründə üç xalqın və digər Qafqaz xalqlarının arasında xoş münasibətlər oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müsbət ünsiyyətlər, təmaslar vardı. Burda həmişə problem yaradan ermənilər olub. Müstəqilliyin ilk dövründə də ən çox sülhü pozan, istər gürcülərə, istər azərbaycanlılara problem yaradan ermənilər olub. Cənubi Qafqazda barış və əməkdaşlıq mühitinin hökm sürməsi, regionun dünyanın geosiyasi, geoiqtisadi müstəvisində daha böyük rol oynaması Azərbaycanın xarici siyasətində yer alan mühüm məqamlardan biridir. Mövcud tarixi şəraitdə regionun inkişafının məhz bu müstəvidə qurulması baxımından əlverişli imkanların formalaşması da aydın müşahidə olunur. Xüsusən də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar bütün Cənubi Qafqaz ölkələri qarşısında çoxsaylı imkanlar pəncərəsi açıb. İndi başlıca məqam bu imkanlardan məharətlə faydalanıb, regionda sülh və əməkdaşlıq səhifəsinin açılmasına nail olmaqdır.
Hazırda görünən odur ki, Ermənistan Cənubi Qafqazın intibahına çalışmaqdansa daha çox buna əngəl yaratmaqla məşğuldur. Halbuki, bundan ən çox zərər görən tərəf də özüdür. Xüsusən də o fonda ki, yanlış xarici siyasəti səbəbindən Ermənistan böyük geosiyasi qüvvələr arasında mübarizənin növbəti poliqonu ola bilər.. Bundan xilas olmağın yeganə yolu isə regionun lider ölkəsi olan Azərbaycanla əməkdaşlıq münasibətləri qurmaq, sülh şəraitində yaşamaqdır. Bu hal həm də Ermənistana Türkiyə ilə əlaqələrində yeni bir səhifənin açılmasına imkan verəcək. Məlum həqiqətdir ki, Qafqaz həmişə Mərkəzi Asiya, Avropa, Yaxın Şərq və Rusiyanın kəsişməsində yerləşən dünyanın tarixi əhəmiyyətli regionu olub. Yeni dünya nizamının qurulması kontekstində Cənubi Qafqazın coğrafi mövqeyi, iqtisadi potensialı və geosiyasi rəqabət üstünlükləri onun yeni formalaşan dünya geosiyasətində rolunu daha da artırır. Region Çin, Rusiya və Avropa arasında ticarəti asanlaşdıran müasir İpək Yolunun mühüm tərkib hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi əsas nəqliyyat layihələri regionun dünya ilə əlaqələrini, onun iqtisadi əhəmiyyətini xeyli dərəcədə artırıb. Bundan əlavə, region Avrasiyada ənənəvi tranzit şəbəkələrindən yan keçən alternativ yollar təqdim edir ki, bu da indiki geosiyasi gərginlik dövründə xüsusilə böyük önəm kəsb edir.
Cənubi Qafqazda geosiyasi əhəmiyyətinin əsas hərəkətverici amillərindən biri onun qlobal enerji bazarlarındakı roludur. Əhəmiyyətli neft və qaz ehtiyatlarına malik Azərbaycan Avropa və onun hüdudlarından kənarda enerji təhlükəsizliyində həlledici rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərini özündə birləşdirən Cənub Qaz Dəhlizi Avropanı ənənəvi enerji təchizatı mənbələrinə yeni alternativlə təmin edir. Yaxın perspektivdə bura yaşıl enerji də daxil ediləcək. Bütün bunlar o deməkdir ki, Cənubi Qafqaz qarşıdakı dövr ərzində də strateji yeri, enerji resursları, tranzit əhəmiyyəti və bu qəbildən olan digər məqamlarla qlobal dinamikanı formalaşdıran məkanlardan biri kimi çıxış etməkdə davam edəcək. Böyük güclər nüfuz uğrunda mübarizə apardıqca, Cənubi Qafqazın sabitliyi və inkişafı beynəlxalq ticarətə, enerji təhlükəsizliyinə və regional ittifaqlara təsir göstərməyə davam edəcək. Bu şəraitdə region ölkələrinin geosiyasi rəqabətdə uğur qazana bilməsi, milli maraqlarının uğurla təmini əməkdaşlıqlarından da əhəmiyyətli dərəcədə asılıdır.
Azərbaycan belə əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə, özü də ən yüksək səviyyədə bildirib. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində bir daha bu məqama toxunaraq qeyd edib: “Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.
Ermənistan da vəziyyəti düzgün qiymətləndirib, yaranmış tarixi şansdan istifadə edə bilsə, Cənubi Qafqazın həyatında region ölkələrinin hamısının marağına uyğun olan tamamilə yeni bir mərhələ açılacaq. Azərbaycan bütün ərazilərində suveren hüququnu bərpa etməsi, Qarabağ məsələsini birdəfəlik qapatması bunun üçün olduqca əlverişli zəmin yaradıb. Artıq regionda əməkdaşlıq münasibətlərinin yaradılması, o cümlədən, kommunikasiyaların, xüsusən də Zəngəzur dəhlizinin açılması, təbii ki, təkcə Bakının yox, həm də İrəvanın maraqlarına uyğundur. Tamamilə aydındır ki, nəqliyyat əlaqələrinin bərpası özlüyündə erməni və Azərbaycan cəmiyyətləri arasında etimad mühitinin formalaşmasına da təsirsiz ötüşməyəcək. Bu halda regionda yeni sabitlik platformasının yaradılması mümkündür. Nəzərə alınması vacib olan daha bir nüans odur ki, regionda dövlətlərarası münasibətlərin inkişafı, əldə olunmuş razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda kollektiv təhlükəsizlik, əməkdaşlıq sistemi çərçivəsində daha effektiv olacaq. Belə bir sistemin qurulmasında Azərbaycan artıq ilk mühüm təşəbbüsü irəli sürərək, düşmənçilik səhifəsini çevirərək, Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Ölkəmizin yanaşmasına əsasən, regionda vəziyyətin sabit xarakteri, sülh və əməkdaşlıq mühitinin hökm sürməsi zəruridir. Elə bu kontekstdə Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq mərhələsinin başlanmasını fəal şəkildə təşviq edir.
Əkbərova Xuraman,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi