
Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdıran irimiqyaslı enerji layihəsidir. Bu layihə Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz yatağından hasil edilən təbii qazı Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edir. Layihənin əsas məqsədi Avropanın enerji təhlükəsizliyini gücləndirmək və qaz tədarükünü şaxələndirməkdir.
Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərin qaz laylarından hasilata 2025-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Bu layihə çərçivəsində 2024-cü ildə 18 quyu qazılması nəzərdə tutulur və ümumi qaz ehtiyatları təxminən 300 milyard kubmetr olaraq qiymətləndirilir. Bu layihənin həyata keçirilməsi Azərbaycanın qaz hasilatını artıraraq, ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək və Avropaya qaz ixracını genişləndirməyə imkan yaradacaq.
Azərbaycanın qaz tədarükünü artırmaq və Avropa İttifaqının qaz tələbatının daha böyük hissəsini təmin etmək üçün CQD-nin genişləndirilməsi planlaşdırılır. TAP və TANAP boru kəmərlərinin ötürmə gücünün artırılması ilə bağlı müzakirələr aparılır. Türkmənistan və digər Xəzəryanı ölkələrdən də əlavə qaz tədarükü imkanları araşdırılır.
Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətində strateji əhəmiyyətə malik olmaqla yanaşı, Avropa və region ölkələri üçün də mühüm enerji layihəsidir.Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də Avropa üçün böyük bir uğur hekayəsidir. Bu layihə təkcə Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarmaqla kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu uğur həm siyasi, həm iqtisadi, həm də texnoloji baxımdan region üçün tarixi bir hadisədir. Layihənin gələcək genişləndirilməsi ilə Azərbaycanın qaz ixrac imkanları daha da artacaq.
Yaşıl Enerji Məşvərət Şurasının son iclasında Azərbaycandan Avropaya yaşıl enerji ixracını təmin edəcək, Qara dəniz sualtı elektrik kabeli layihəsi müzakirə olunub. Bu layihə Xəzər dənizində və Azərbaycanın quruda yerləşən külək enerjisi potensialından istifadə edərək, əldə olunan elektrik enerjisinin Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur.
Prezident İlham Əliyev bu layihənin əhəmiyyətini vurğulayaraq, onun region üçün xüsusi önəm daşıdığını və Azərbaycanın Avropa İttifaqına gələcəkdə elektrik enerjisi ixracında əsas tərəfdaş kimi mövqeyini gücləndirəcəyini bildirib. Layihənin texniki-iqtisadi əsaslandırmasının 2025-ci ilin ortalarına qədər tamamlanması planlaşdırılır və ilkin mərhələdə 4 QVt gücündə yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulur. Bu təşəbbüs Azərbaycanın bərpa olunan enerji potensialından səmərəli istifadə etməklə, Avropanın enerji təhlükəsizliyinə və təmiz enerji təchizatına mühüm töhfə verməyi hədəfləyir.
Əlizadə Günel,
YAP-ın fəalı,