
Azərbaycan enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır. Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin açılış mərasimində iştirak etməsi və çıxışı qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanmaqla, tədbirin xüsusi yüksək statusunu artırır. Hər iki tədbirdə dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsinin iştirakı isə dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların müzakirəsində Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir.
Azərbaycan neft-qazla yanaşı alternativ enerji siyasətini də genişləndirir. “Yaşıl enerji” ailəsinin üzvlərinin iclasda böyük bir investorlar qrupunda təmsil olunması Azərbaycanın bərpa olunan enerji sektoruna marağı əks etdirməklə, yeni layihələrə yol açır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə və digər ölkələrin sənaye və qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərinin Bakı iclasında yer alması “yaşıl enerji”nin aktual və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. “Yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir.
Tədbirin yaşıl enerji ilə bağlı hissəsində Azərbaycanın bərpaolunan enerji sahəsində layihələri diqqətə çatdırılıb. Günəş və külək enerjisinə yatırımlar nəticəsində 2030-cu ilə qədər 6 giqavat gücündə yaşıl enerji istehsalı planlaşdırılıb. Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavat gücündə su elektrik stansiyaları fəaliyyətə başlayıb və bu rəqəmin beş il ərzində 500 meqavata çatdırılması nəzərdə tutulur.
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycanın Avropaya yaşıl enerji ötürəcək dənizaltı kabel layihəsinin texniki əsaslandırmasının son mərhələdə olduğu qeyd edilib. Dövlətimizin başçısı vurğulayıb ki, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Mühüm məsələlərdən biri də enerji təhlükəsizliyinin artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir. Sənaye inkişafı, aqrar istehsal, nəqliyyat sektoru və bütövlükdə iqtisadi sabitlik enerji təminatı ilə birbaşa bağlıdır. Bu səbəbdən enerji siyasətində uzunmüddətli strateji yanaşma, tərəfdaşlar arasında etibarlılıq və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq prioritet olaraq qalmalıdır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı