
1918-ci ilin 28 may günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixdə, müsəlman aləmində ilk dəfə olaraq xalqın iradəsinə əsaslanan, hüquq və azadlıqları təmin edən Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövlət region üçün bir modelə çevrildi və gələcək nəsillərə güclü dövlətçilik irsi miras qoydu.
Cümhuriyyət dövründə qəbul edilən qərarlar son dərəcə cəsarətli və qabaqcıl idi. Qadınlara seçki hüququnun verilməsi, azad məhkəmə və mətbuat sisteminin qurulması, ilk universitetin – Bakı Dövlət Universitetinin təsisi bu siyasətin bariz nümunələri idi. Bu, yalnız Azərbaycan üçün deyil, bütün Şərq üçün yeni düşüncə tərzinin başlanğıcı oldu.
Cümhuriyyətin qurucuları – Məmməd Əmin Rəsulzadə başda olmaqla, millətin azadlığı və gələcəyi üçün öz canlarını və zəhmətlərini əsirgəmədilər. Onlar həm daxili idarəçiliyin, həm də xarici siyasətin əsaslarını müasir dünyaya uyğun şəkildə formalaşdırmağa çalışdılar. Cümhuriyyətin beynəlxalq tanınması üçün atılan addımlar da bu uzaqgörənliyin göstəricisidir. Bu gün müstəqil Azərbaycan dövləti həmin irsin davamçısıdır. Hər il 28 may tarixi yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə baxış və milli iradənin təntənəsi kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti 107 il əvvəl azadlıq yolunda yandırılmış ilk məşəl idi.
Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı