AnalitikaGündəmSiyasət

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

Azərbaycanla Tacikistan arasında keçmiş ittifaq dönəmindən bu günə qədər davam edən əməkdaşlıq ənənələri var. Tacikistan Orta Asiyada strateji mövqeyinə görə mühüm ölkələrdən biridir. Dağ-mədən, böyük su ehtiyatlarına malik olan bir ölkədir. Hazırkı tarixi mərhələdə Orta Asiya ölkələri ilə münasibətlərin yüksək səviyyədə olması kontekstində Tacikistanın Azərbaycanla əlaqələrinin daha da dərinləşməsi aktual məsələdir. Məhz ona görə də ölkə başçımızın bu səfəri həm iqtisadi, həm də siyasi məna etibarilə strateji əhəmiyyət daşıyır.

Hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşlərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Diplomatik münasibətlərin qurulmasından ötən otuz il ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurub və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Tacikistan Prezidenti bildirib ki, bu münasibətlərin əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum Heydər Əliyev tərəfindən qoyulub. Gələn ay Heydər Əliyevin 100 illiyi Tacikistanda da qeyd ediləcək.

Səfər xalqlarımızın çoxəsrlik qarşılıqlı əlaqələrinin məntiqi davamıdır. Bununla yanaşı, onu da qeyd edib ki, səmimi münasibətlərdə Tacikistanda dərin hörmət bəslənən dahi Nizami Gəncəvi amili də mühüm rol oynayıb. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra, noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub.
2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır.Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan altısının təhsili bu il başa çatacaq. Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.

Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.

Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button