Elm və Təhsil

BSU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında 20 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində təşkil edilib. BSU-nun rektoru Anar Nağıyev tədbirdə Əhməd Cavadın Azərbaycan tarixi və ədəbiyyatında tutduğu yerdən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdığı dövrdə onun özünəməxsus rolu olduğunu bildirən rektor sovet dövründə repressiyaya məruz qalmış Əhməd Cavadın Azərbaycan maarifçilərindən biri olduğunu vurğulayıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru Bədirxan Əhmədov “Əhməd Cavad yaradıcılığı yeni poetik yolun başlanğıcı kimi” mövzusunda məruzə edib. O, Əhməd Cavadın ədəbiyyatımıza milli ruh, millilik gətirdiyini, onun türkçülük, turançılıq ideyalarını öz əsərlərində təbliğ etdiyini, həm də yeni məktəb yaratdığını diqqətə çatdırıb.
Professor Asif Rüstəmli “Əhməd Cavad yaradıcılığı Cümhuriyyət dövründə” mövzusunda məruzəsində Əhməd Cavadın yaradıcılığının inkişaf mərhələlərindən, onun poeziyasından söz açıb. O, Əhməd Cavadın şeirlərini təhlil edib, həmçinin o dövrdəki ictimai-siyasi fəaliyyətinə toxunub.
BSU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Günay Qarayeva isə “Əhməd Cavad yaradıcılığında bədii simvollar” mövzusunda məruzəsində istiqlal düşüncəsinin yaranmasında şairin ədəbi irsinin böyük rolundan danışıb.
Sonda Əhməd Cavada həsr olunmuş videoçarx nümayiş etdirilib.

Oxşar Xəbərlər

Back to top button