
Böyük Zəfər xalqımızın özünə olan inamını artırdığı kimi illərlə öz torpaqlarından kənarda qalan soydaşlarımızın da öz torpaqlarına geri qayıtmasını reallığa çevirdi.
24 noyabr 2020 – ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. Eyni zamanda İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili məqsədilə Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır.
Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm
imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən, Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Dövlət Proqramı hazırlanmışdır.
2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi. Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlər müəyyənləşdirilib.
Dövlət Proqramının ümumi qayəsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması təşkil edir.
Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən
qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı
çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin
yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür.
Dövlət başçısı 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak etmiş, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoymuşdur. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını etmişdir.
İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək və əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt və imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye və
ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır.
Bunların nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 85 000-dən çox insan yaşayır və fəaliyyət göstərir.
Tikinti prosesində biz Birləşmiş Millətlər Təşkilatının əsas istiqamətlərindən biri olan Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutulur. . Rahat həyat, yaşıl, təmiz və müasir innovasiyalar konsepsiyası baş planın əsasını təşkil edir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası bu transformasiyanın əsas sütunlarından birinə çevrilib. Yeni yaşayış məntəqələri resurslardan səmərəli istifadəni, enerji effektivliyini, inkişaf etmiş xidmətləri və geri qayıdan sakinlər üçün daha yüksək həyat keyfiyyətini təmin etmək məqsədilə layihələndirilir. Bu səylər yalnız itirilmişi bərpa etməyə deyil, gələcək nəsillər üçün daha yaxşı, inklüziv və dayanıqlı icmalar qurmağa yönəlib
2026-cı ilin sonuna qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bütövlükdə “Böyük Qayıdış” proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlərdə daxil olmaqla, 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 2022-26-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan artıq vəsait tələb olunur.
Hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirməkdədir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.
Abasov Həmid,
Xəzər rayonu, 181 №li tam orta məktəbin Tarix müəllimi



