Biz bütün dünyaya sübut etdik ki, böyük xalqıq
Milli Məclisdə baş tutan andiçmə mərasimindəki çıxışı zamanı prezident İlham Əliyevin toxunduğu mühüm məqamlardan biri də yeni dövr üzrə Azərbaycanın hansı prioritetləri rəhbər tutacağı ilə bağlı oldu. Bu barədə danışmazdan öncə qeyd etmək lazımdır ki, sözügedən inauqurasiya mərasimi də əvvəlkilərdən fərqlənirdi. Bu dəfə ölkə prezidenti bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi. 2018-ci ildə andiçmə mərasimində prezident İlham Əliyev torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. İki ildən sonra Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi. Dövlət başçısının Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi ölkəmizin ötən dövrdə keçdiyi yolun təhlili əsasında qarşıdakı illərdə ayrı-ayrı sahələrdə görüləcək işlərin, güclü Azərbaycanın daha da qüdrətlənməsi üçün atılacaq addımların təqdimatı fonunda da diqqət çəkdi. Məlum oldu ki, qarşıdakı dövr üzrə Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Prezident İlham Əliyev hərbi sənayenin inkişafına yalnız hərbi gücün artması yox, həm də suverenliyin elementi kimi yanaşır və əldə edilən strateji uğurların davamlılığında qətiyyətlidir. Dövlət başçısının özünün də andiçmə mərasimində bəyan etdiyi kimi, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Növbəti mərhələ isə daha genişmiqyaslı olmaqla, həm də Azərbaycanın bu istiqamətdə xarici asılılığının kəskin azaldılmasına yönələcək ki, bu da siyasi və iqtisadi müstəqilliyimizin ardınca müdafiə sənayesi sahəsində də suverenliyimizə töhfə olacaq. Bu gün dövlət büdcəsindən ayrılan xərclərin böyük hissəsini müdafiə xərcləri təşkil edir. Hərbi sənayenin inkişaf etdirilməsi, dövlət-özəl əməkdaşlığı sayəsində bu sektora 1 milyard manat investisiyanın yatırılması yeni nailiyyətlərin qazanılmasına yol açacaq. Hazırkı dövrdə hərbi xərclərlə bərabər Qarabağ və Şərqi Zəngəzurun bərpası qarşıda dayanan mühüm hədəflərdəndir. 2026-cı ilin sonuna qədər 100 yaşayış məntəqəsinin yenidən qurularaq 140 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması nəzərdə tutulur. Otuz il Ermənistanın vəhşilikləri ilə üz-üzə qalan, tamamilə yerlə-yeksan edilən ərazilərimizə yeni nəfəs verilir, dirçəldilir. Dövlət başçısı “bizim ailəmiz türk dünyasıdır” deyə açıq, dürüst və konkret bir mövqe ortaya qoydu. Bu, qonşularla yüksək səviyyəli münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsinə mane olmur. Ancaq prezident Azərbaycanın hazırda düzənlənən dünya nizamındakı yerini qəti göstərdi. O qeyd etdi ki, bu, böyük coğrafiya, hərbi güc, iqtisadi potensial, təbii sərvətləri olan, logistik əhəmiyyət daşıyan və nəqliyyat dəhlizlərinin keçdiyi öz ailəmizdir. Ilk dəfə 2009-cu ildə bu istiqamətdə əhəmiyyətli addım atılmışdı, məhz Naxçıvanda türk dövlətlərinin sammiti keçirilmişdi. Yəni Azərbaycan bu tarixi, milli, dil və din birliyi olan ailənin formalaşması üçün hələ illər öncə strategiya hazırlamışdı. Ümumiyyətlə, görülən bütün işlər Azərbaycanı dünya miqyasında daha qüdrətli ölkəyə çevirməyə hesablanıb. Bu istiqamətdə zəruri addımlar atılır. Bu addımlar kompleks xarakter daşıyır və bunun istiqamətləri də məhz prezident tərəfindən diqqətə çatdırıldı.
Aynur Həsənova,
YAP-ın gənc fəalı