
Müasir beynəlxalq sistem qlobal problemlərin həllində effektiv mexanizmlərin yaradılmasını tələb edir. Lakin bəzi beynəlxalq təşkilatlar ya öz fəaliyyətində zəiflik nümayiş etdirir, ya da bütövlükdə təsirsiz hala gəlir. Bunun əsas səbəblərindən biri həmin qurumların dəyişən siyasi reallıqlara uyğunlaşmaqda çətinlik çəkməsidir. Beynəlxalq arenada baş verən sürətli dəyişikliklər, yeni çağırışlar və böhranlar köhnə sistemlərin işləkliyini azaldır. Bu zəiflik xüsusilə qlobal münaqişələrin həllində özünü göstərir. Bəzi təşkilatlar müharibə və böhran vəziyyətlərində tərəfsiz və qətiyyətli addımlar ata bilmir, nəticədə onların legitimliyi sual altına düşür. Məsələn, uzun illər fəaliyyət göstərən bəzi qurumlar müəyyən dövlətlərin təsiri altına düşərək obyektivliyini itirir. Bu isə təşkilatların əsas məqsədlərinə – sülhün qorunması, insan haqlarının müdafiəsi və beynəlxalq hüququn təmin olunmasına mane olur. Bundan əlavə, bəzi beynəlxalq təşkilatlar qərarların qəbul edilməsində çevikliyə malik deyil. Çoxsaylı bürokratik prosedurlar, konsensus tələbi və maliyyə asılılığı onların operativ qərarlar verməsini çətinləşdirir. Nəticədə, qlobal çağırışlara vaxtında və effektiv reaksiya vermək mümkün olmur. Bu, təkcə siyasi deyil, həm də iqtisadi və humanitar məsələlərdə təşkilatların təsir gücünü zəiflədir. Beləliklə, bəzi beynəlxalq təşkilatların iflic vəziyyətə düşməsi onların struktur problemləri və siyasi təsirlərlə bağlıdır. Gələcəkdə qlobal idarəetmənin daha effektiv olması üçün islahatlar zəruridir. Əks halda, bu qurumlar beynəlxalq münasibətlər sistemində təsirini tamamilə itirə bilər.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı