AnalitikaGündəm

Beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklərə konseptual yanaşması ilə seçilən bu müsahibədə dövlət başçımız dünyaya yeni mesajlarını çatdırmış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il mart ayında “Euronews” televiziya kanalına müsahibə verərək, ölkəmizin xarici siyasət prioritetləri, regional sülh prosesi, enerji təhlükəsizliyi və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı mühüm məsələlərə toxundu. Prezidentin açıqlamaları Azərbaycanın regional və qlobal siyasətdəki mühüm rolunu bir daha nümayiş etdirdi.

Dövlət başçısı müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqların vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün və sabitliyin təmin olunması üçün səmimi və konstruktiv addımlar atıb. Prezident qeyd etdi ki, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün real iradə nümayiş etdirir və artıq müqavilənin bir çox müddəaları razılaşdırılıb. O, Ermənistanı tarixi fürsətdən istifadə etməyə və destruktiv yanaşmadan əl çəkməyə çağırdı.

Prezident, həmçinin, Azərbaycanın 30 il ərzində işğala məruz qalmasına baxmayaraq, revanşist siyasət yürütmədiyini, əksinə, sülhün və əməkdaşlığın inkişafı üçün açıq olduğunu vurğuladı. Bununla yanaşı, dövlət başçısı bildirdi ki, Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin etmək üçün güclü müdafiə strategiyasını davam etdirəcək. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə – Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Dövlət başçısının açıqlaması beynəlxalq münasibətlərin reallıqlarını və müasir geosiyasi dinamikaları dəqiq təsvir edir. Münaqişələrin həlli və uzunmüddətli sabitliyin təmin edilməsi məsələsində hədsiz nikbinlik əvəzinə realist yanaşmanın zəruriliyi vurğulanır. Tarixi təcrübə göstərir ki, müharibələrin formal olaraq dayandırılması sülhün tam bərqərar olması anlamına gəlmir. Sülhün dayanıqlı olması üçün əsas şərtlərdən biri hərtərəfli və hüquqi əsaslara söykənən sülh sazişinin imzalanmasıdır. Bu kontekstdə Azərbaycanın 30 ilə yaxın davam edən Ermənistanla münaqişə təcrübəsi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar xüsusi diqqət çəkir.

Beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklərə konseptual yanaşması ilə seçilən bu müsahibədə dövlət başçımız dünyaya yeni mesajlarını çatdırmış oldu. Həmin mesajların leytmotivini Azərbaycan və onun milli maraqları təşkil edirdi – desək, səhvə yol vermərik. Bu dəyişməz siyasi xəttin bünövrəsi 1993-cü ildə – Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra qoyulub. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının təməlində məhz milli və dövlət maraqlarının vəhdəti durur. Azərbaycanda bu iki dəyərin bir-birini tamamlaması, üst-üstə düşməsi təsadüfi deyil. “Euronews”a müsahibədə milli maraqlarımızın daim üstün tutulacağının vurğulanması həmin sağlam siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsinin təzahürüdür.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button