Beynəlxalq hüququn bərqərar olunması ilə ədalət öz yerini tapdı
Azərbaycanlılara qarşı soyqırımlar törədən erməni millətçiləri Azərbaycan torpaqlarının 20%-ni işğala məruz qoymuşdular. Başlıbel, Ağdaban və Baqanis-Ayrım qətliamları – ermənilərin yürütdüyü faşizm siyasətinin bariz nümünələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub. Xüsusi qəddarlığı ilə seçilən Xocalı qətliamında 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli idi. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olaraq yaşamağa məcbur olmuşdur. Bu illər ərzində işğal altında olan ərazilər dağıdılmış, erməni barbarlığı və vandalizmi ilə üz-üzə qalmışdı. Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan etmək siyasəti yürüdürdü. Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini yox edirdilər.
Hər zaman Azərbaycan sülh danışıqlarına sadiq qalıb, münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışıb. Amma gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər. Ermənipərəst dairələr və ölkələr Azərbaycana qarşı reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik.
Prezident İlham Əliyev hər zaman danışıqlarında da qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
Parlaq zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən üç il vaxt keçir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, Şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin qisasını döyüş meydanında alındı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizin şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı