Beynəlxalq Astronavtika Konqresi ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir
Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 1973-cü ildə Bakıda keçirilən 24- cü Beynəlxalq Astronavtika Konqresinin əlli ildən sonra yenidən ölkəmizin paytaxtında keçirilməsi tarixin təkrarlanması ilə bərabər Azərbaycana göstərilən etimadın, qayğı və diqqətin ifadəsidir. 100-dən artıq ölkəni təmsil edən və 5000 dən çox iştirakçının qatıldığı bu tədbir yüksək beynəlxalq nüfuza malikdir. Azərbaycan on ildən çoxdur ki, kosmik ailənin üzvi kimi səmərəli fəaliyyət göstərir. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olan ölkəmiz kosmik sənayenin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika konqresinin açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər buna bir daha sübutdur. “Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir” fikrində olan dövlətimizin rəhbəri bildirib ki, Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirməsinə mütləq yeni təkan verəcəkdir. Cənab İlham Əliyevin söylədikləri reallıqdır və dünya ölkələri bu fəaliyyəti yüksək qiymətləndirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tədbirlərini keçirmək Azərbaycanın ali məqsədlərə xidmət etməsinin nümunəsi olmaqla bərabər, həm də onun dünyada artan nüfuzundan və iqtisadi inkişafından xəbər verir. Azərbaycan Prezidenti öz çıxışında bir daha qeyd etmiş və bildirmişdir ki, “ölkə üzrə son 20 il ərzində, ümumdaxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumdaxili məhsulun təxminən 10 faizini təşkil edir. Həyata keçirilən bütün bu tədbirlər müharibə şəraitində yaşayan ölkəmizin kosmik sənayesinin inkişafına böyük təkan verdi, Azərbaycanın informasiya təhlükəsizliyini şərtləndirdi, respublikamızda, bölgədə, dünyanın istənilən nöqtəsində baş verən hadisələri izləməyə şərait yaratdı, kənd təsərrüfatının tərəqqisini sürətləndirdi, ekoloji vəziyyətə nəzarəti, torpaqlardan səmərəli şəkildə istifadə edilməsini gücləndirdi, telekommunikasiya sektorunda xarici asılılığı aradan qaldırdı, ixracatçıya çevrilməyi reallaşdırdı. Son illərdə respublikamızda kosmik sənayenin uğurlarına əsaslanılaraq 400-dən çox hökumət layihələri həyata keçirilib. Xüsusilə əsas töhfə kənd təsərrüfatı sahəsində məhsuldarlığın proqnozlaşdırılması olub ki, bu da ərzaq təhlükəsizliyi istiqamətində əhəmiyyətli bir məsələ kimi diqqət çəkib. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Aynur Həsənova,
YAP-ın gənc fəalı