AnalitikaGündəm

Bayraq vətən qədər müqəddəsdir, bayraq elə vətənin özüdür

Qədimdən bəri bayraq ən müqəddəs varlıq olmuş, onun uğrunda ərənlər canından keçmiş, bayrağı qoruyub-saxlamaq üçün ən son damla qanlarına qədər vuruşmuşlar. Bayraq Vətən deməkdir, Vətən uğrunda döyüşmək elə bayraq uğrunda döyüşmək deməkdir. Çünki bayraq dövlətin əsas atributudur. Bayrağa edilən hər hansı hörmətsizlik həmin bayrağın mənsub olduğu dövlətə qarşı edilən təhqirdir.

Türk mənbələrinə görə “bayraq” sözü türkcə mizraq mənasına gələn “batrak” sözündəndir. Belə ki, keçmişdə türklərdə torpağa sancılan mizraqın üzərinə xanədanlığı təmsil edən rənglərdə parçalar və iplər asılırdı. Mizraqın ucuna isə qızıl və ya digər dəyərli metallardan xaqanlıq əlaməti taxılırdı. Torpağa batırılan mizraq mənasındakı bayraq sözünün mənası zamanla dalğalanan milli simvola çevrilmişdir. Etimologiya lüğətinə görə isə bayraq sözü qədim türk dillərində “hündür” və “dağ” mənalarını əks etdirən bayır sözü ilə bağlıdır, mənası “yuxarı qaldırılan” deməkdir.

Azərbaycanın üçrəngli bayrağının tarixi Xalq Cumhuriyyəti ilə bağlıdır. İlk dəfə 1918-ci ildə noyabrın 9-da Nazirlər Şurasının yerləşdiyi binada üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi elan edilmiş və qaldırılmışdır. Bayarağın üç rəngli olması ideyası Əli bəy Hüseynzadəyə məxsus olmuşdu. Onun “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq” ideyaları bayrağımız üzərində üç müxtəlif rəngdə öz əksini tapdı. Belə ki, bayrağımızdakı mavi rəng türk mənşəli olduğumuzu, qırmızı rəng müasir və demokratik cəmiyyəti, yaşıl rəng isə islam mədəniyyətini əks edirir.

Təəssüf ki, həmin dövrdə üçrəngli bayrağımızın ömrü az olmuş, Xalq Cumhuriyyərinin süqutu ilə bayrağımız da 1920-ci ilin may ayında Parlamentin üzərindən endirilmişdir. Lakin M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı qəlblərdə yaşamış, müstəqil Azərbaycan Respublikası üçün bir deviz rolunu oynamışdır. Hələ Azərbaycanını müstəqillik əldə etməsindən bir qədər əvvəl 1990-cı il noyabrın 17-də müstəqil Azərbaycanın qurucusu olan ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cumhuriyyətinin bayrağı olan üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edilərək ucaldıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında qaldırdığı vəsatətin nəticəsi olaraq Nəhayət 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edildi və mavi, qırmızı, yaşıl zolaqlı, ay-ulduzlu bayraq Azərbaycanın dövlət bayrağı oldu. 2009-cu il 17  noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabr ayının 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Türk millətləri bayrağa ən çox sayqı göstərən, ən çox sevən millətlərdi deyə bilərik. Biz əsrlər boyu bayrağı uca tutmuş, kim bayrağımıza qarşı mənfi ifadə işlətsə həddini bildirmiş, bayrağımızı yerə düşməyə imkan verməmiş, hər zaman öpüb gözlərimizə qoyaraq qəlbimizin üstündə saxlamışıq. Bayraq sevgisi elə vətən sevgisi deməkdir. Hələ uşaqlıqdan bu müqəddəs sevgi bizə aşılanıb. Elə bu sevginin baris təcəssümü olaraq on minlərlə igidimiz 2020-ci ildə könüllü olaraq ordu sıralarına yazıldı. Onlar üçrəngli bayrağımızı müqəddəs torpaqlarımıza sancmağa and içdilər və bu anda sadiq qaldılar, kimi canı-qanı bahasına, kimi sağlamlığı bahasına. Qəribə sevgidir vətən, bayraq sevgisi, heç bir sevgiyə bənzəməz, yolun sonunda ölüm olmasını bilə-bilə gedilər, sözündən dönülməz.

Azərbaycan xalqı da öz bayrağını hər zaman sevmiş və uca tutmuşdur. Ötən ilə qədər hansı Azərbaycan vətəndaşından “ən böyük arzun nədir?” deyə soruşulanda, birmənalı şəkildə “o gün olsun bayrağımız Qarabağda – Şuşada dalğalansın” deyərdi.  2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində  Prezident İlham Əliyevin bayraqla bağlı möhtəşəm çıxışı olmuşdu: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”.

Nəhayət qüdrətli Ali Baş Komandanımızın başçılığı ilə, rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçək oldu. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımız olan Qarabağın da səmalarını bəzəyir. Bu gün Azərbaycan torpaqlarından zəfər qoxusu gəlir. İllərdir boynu bükük olan xarıbülbül öz qələbə ətrini bütün Azərbaycana yayır. 44 günlük Vətən Müharibəsi dövründə işğaldan azad edilmiş torpaqlarımıza müstəqilliyimizin rəmzi olan üç rəngli, aylı-ulduzlu bayrağımız qəhrəman əsgərlərimiz tərəfindən sancıldıqca bizim də qəlbimiz fərəhlə doldu. Hələ uzun illər sonra da dünya tərəfindən bəhs ediləcək qələbəmiz şəhidlərimizin canı-qanı bahasına əldə olunmuşdur. Bayrağımızın müqəddəsliyi bir daha onunla sübut olunur ki, ordumuzun qüdrətli döyüçüləri azad olunmuş ərazilərimizə bayrağımızı sancmaq şərəfinə nail olmaq üçün düşmən gülləsinə tuş gəlməyi belə gözə almış, bir çox döyüşçülərimiz bayrağı sancan zaman şəhid olmuşlar.

Bu möhtəşəm Zəfər tarixinin 8 noyabrda qeyd edilməsi də təsadüfi deyil, belə ki, həmin gün Qarabağın göz bəbəyi olan Şuşa şəhərinin azad olunması kimi qızıl hərflərlə tarixə yazıldı. Həm də Şuşa uğrunda gedən döyüşlər müharibənin taleyini həll edərək qələbəni sürətləndirdi. Rəşadətli ordumuzun mərd igidləri Şuşa döyüşlərində bütün dünyanı lərzəyə salacaq yeni bir salnamə yazdı. Böyük qələbəmizin təcəssümü olan Zəfər günü ilə Bayraq gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə xoş bir təsadüf oldu. Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyev öz çıxışlarında demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə,millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Həqiqətən də xalqımız ümummilli liderimizin bu şüarını rəhbər tutaraq üçrəngli bayraq altında bir yumruq kimi birləşdi. 44 günlük müharibə dövründə kimisi öz sonuncu pensiyası ilə orduya yardım etdi, kimisi də balaca ürəyi ilə daxılında olan qəpikləri orduya bağışladı.

Bayraq vətən qədər müqəddəsdir, bayraq elə vətənin özüdür. Müharibəyə gedərkən qəhrəmanlarımız üçrəngli bayrağımızı Qarabağın hər guşəsinə sancmağı and içmiş, igidlərimiz bayrağa bürünərək səfərbərlik idarələrindən döyüşə yollanmış, şəhidlərimiz cənnətə bayrağa bürülərək yola salınmış. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın ar-arda işğaldan azad olunma sevincini yaşarkən bayrağa bürünmüş, bütün evlərin eyvanından üçrəngli bayrağımız dalğalanmışdır.

Bu şərəfli qələbə naminə canından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə və döyüşçülərimizə can sağlığı diləyir, hər bir müharibə iştirakçısı qarşısında, şəhidlərimizin ruhu qarşısında baş əyir, onları hər an böyük ehtiramla yad edirik. Ali Baş Komandanımızın “Dəmir yumruq” əməliyyatı nəticəsində əzmkar döyüşçülərimizin əldə etdiyi bu şərəfli qələbəni nəinki xalqımız, bütün dünya unutmayacaq, zəfər yolumuz hələ çox tarix kitablarını bəzəyəcək.

Bu il zəfər tariximizin 4-cü ili qeyd olunur, müqəddəs bayrağımız Azərbaycanın dilbər guşəsi olan Qarabağda, Qarabağın baş tacı olan Şuşada dalğalanır. Şuşa şəhərinin azad olunduğu gün “Zəfər günü” və “Bayraq günü” ardıcıl şəkildə qeyd olunur. İnanırıq ki, Azərbaycan xalqı müharibə dövründə olduğu kimi hər zaman bir bayraq altında həmrəy olacaq, bir yumruq kimi möhkəm şəkildə bir-birinə bağlı olacaq. Bu birlikdən qorxan mənfur düşmən bir daha torpaqlarımıza göz dikə bilməyəcək.Növbəti qələbəmizin sevincini  bu il yaşadıq.Üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımızda-Xankəndıdə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldı. Dövlətimizin başçısı cənab İlham Əliyev Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi.

Əhmədova Şükufə.,
Xəzər rayonu, Ə.Əliyev adına 125 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button