Hal- hazırda respublikamız COP 29- Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi edir. Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasət, beynəlxalq tədbirlər zamanı ölkəmizin nümayiş etdirdiyi yüksək səviyyəli təşkilatçılıq, məhz belə önəmli tədbirin də paytaxtımızda baş tutmasına səbəb olmuşdur. Azərbaycanın COP-29 -a ev sahibliyi və sədrlik etməsi respublikanın beynəlxalq səviyyədə nüfuzunu artırmağa və iqlim dəyişikliyi məsələlərində fəal rol oynamağa istiqamətlənmiş mühüm diplomatik addımdır.
Noyabrın 13 -də Bakıda COP 29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Ölkə başçımız tədbirdə iştirak etmiş, kiçik ada dövlətlərinə dəstəyini ifadə etmişdir : “Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir”
Cənab prezident çıxışında bu ölkələrdən olan tələbələrin təhsillərini davam etdirmək üçün Azərbaycan universitetlərində tələbə təqaüd proqramlarının yaradıldığını, ölkəmizin Qoşulmama hərəkatına 4 illik sədrliyi müddətində 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardımlar göstərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Respublikamız Millətlər birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmış, Azərbaycanın Kosmos Agentliyi “ Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər birliyi ilə Anlaşma Memorandumu da imzalanmışdır.
Cənab prezident İlham Əliyev çıxışında neokolonializm və iqlim dəyişmələrini xüsusilə vurğulamış, XXI əsrdə hələ də müstəmləkə siyasətindən əziyyət çəkdiklərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 1966-1996 cı illər ərzidə Fransanın Fransa Polineziyasında apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi çirklənməyə məruz qaldığı, torpaq və suyun kəskin şəkildə radiasiyaya məruz qalması məsələsi də cənab prezidentin çıxışında öz əksini tapmışdır. Həmçinin dövlət başçımız Makron rejimi tərəfindən Yeni Kaledoniyada kanakların legitim aksiyasında günahsız insanlar qətlə yetirilməsinə və haqsız həbsinə diqqət çəkmiş, Avropa parlamenti, Avropa Şurasının Parlament Assambleyası tərəfindən qeyd olunan hadisələrə heç bir hüquqi, siyasi münasibət bildirilməməsindən təəssüfləndiyini dilə gətirmişidir : Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!
Prezident cənab İlham Əliyev, COP 29 sədri olaraq kiçik ada dövlətlərini dəstəklədiyini və gələcəkdə də bu dövlətlərlə dostluq münasibətlərini davam etdirərək dəstəkləməyə davam edəcəyini bildirmişdir.
Aynur Məmmədova,
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin Kimya müəllimi