
Azərbaycan dövlətçilik tarixinin son iyirmi ili intibah və möhkəmlənmə dövrü kimi xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursu yeni dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyev də uğurla davam etdirir. Azərbaycan tarixinin müxtəlif dövlərində su ehtiyatlarının artırılması, qorunması və əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən, qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. Xüsusilə Bakı və Abşeron yarımadasında əhalinin sayının sürətlə artımı bu məsəsləni daha qabarıq şəkildə gündəmə gətirməyə əsas verir. Çünki neft sənayesinin inkişafı və əhalinin sürətli artımı mövcud su mənbələrinin yüklənməsinə səbəb olur.
Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. 2026-cı il yanvarın 12-də keçirilən müşavirədə Prezident İlham Əliyev çıxış etmişdir. O çıxışında bildirmişdir ki, ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələr həyata keçirilmişdir. İlk növbədə elektrik enerjisi ilə bağlı təchizatın bütün ölkəni əhatə etdiyini və bu gün bizim generasiya gücümüzün tələbatımızdan da artıq olduğunu və hətta bizim elektrik enerjisini ixrac etdiyimizi vurğulamışdır. Prezidentin də qeyd etdiyi kimi son 20 ildə icra edilən regional inkişaf proqramları Azərbaycanın enerji asılılığına son qoymuşdur. “Taxtakörpü” və “Şəmkirçay” kimi nəhəng su anbarlarının vaxtında inşa edilməsi, vaxtilə uzaqgörənliklə atılmış addım idi. Bu gün Bakının və bölgələrin su qıtlığı yaşamaması məhz həmin tarixi qərarların nəticəsidir.
Həmçinin vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövlətinin bizə qarşı su terroru həyata keçirməsi məsələsi də prezidentin çıxışında öz əksini tapmışdır. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və suya ehtiyac olmadığı qış aylarında suların kütləvi şəkildə buraxılması, suya böyük ehtiyac duyulan yay aylarında isə suyun kəsilməsi beynəlxalq hümanitar hüquqa zidd olmaqla yanaşı əhalinin hüquqlarını kobud şəkildə pozurdu. Bu ərazilər azad edildikdən sonra su anbarları üzərində nəzarət bərpa edilmiş və nəticədə bölgədə kənd təsərrüfatı sahələrində suyun bərpası, içməli su təchizatının normallaşması mümkün olmuşdur.
Proqramın icrası zamanı nəzərdə tutulan bir çox əsas məsəslələr var. Proqramın icrasına əsasən 30-a yaxın su anbarı tikilməlidir. Sayğaclaşdırma isə 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatmalıdır. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşmalıdır. Ən böyük problemlərdən biri olan itkilər mümkün qədər minimuma endirilməlidir. Kanalizasiya xidməti göstərilən əhalinin 50 faizdən 95 faizə çatdırılması nəzərdə tutulur. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması nəzərdə tutulur.
Bu proqramda ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa edilməsi nəzərdə tutulur. Bu zavod sayəsində Bakı və Abşeron yarımadasında yararlı su ehtiyatının həcmi artacaq. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Yeni qəbul edilmiş Dövlət Proqramı Bakı və Abşeron yarımadasının həyat ritmini kökündən dəyişəcək. Bu proqramın miqyası (10 illik plan) onun nə dərəcədə əsaslı hazırlandığını göstərir. Proqramın sosial yükü də olduqca ağırdır. Fasiləsiz su təminatının 70 faizdən 95 faizə, kanalizasiya xidmətinin isə 50 faizdən 95 faizə qaldırılması hədəfi vətəndaşın həyat keyfiyyətinin birbaşa yüksəldilməsidir. Eyni zamanda, Xəzər dənizinin qorunması üçün tullantı sularının 100 faiz təmizlənməsi hədəfi gələcək nəsillərə təmiz ekologiya ötürmək məsuliyyətimizin göstəricisidir.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr edilmiş müşavirədə Proqramdan irəli gələn əsas məqsədlərə diqqət çəkmişdir. Bu proqramın əsas məqsədləri aşağıdakılardır:
– su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi;
– su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi;
– yağış suları risklərinin aradan qaldırılması;
– tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması;
– su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi;
– su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təmini.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət, Azərbaycanın hər bir guşəsini müasir və yaşana bilən məkana çevirmək məqsədi daşıyır. Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa edən dövlət deyil, həm də öz daxili resurslarını ən səmərəli şəkildə idarə edən güclü və müasir bir ölkədir.
Mustafazadə Gülnar,
Xəzər rayonu, 181 №li tam orta məktəbin tarix müəllimi



