AnalitikaGündəm

Bakı- Tiblisi- Ceyhan neft kəmərinin xüsusi əhəmiyyəti var

Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. Beləliklə də, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft yataqlarının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş – “Əsrin müqaviləsi” imzalanıb.

Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən konfransda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı prezidentlərinin iştirakı ilə “Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi” haqqında saziş imzalanmışdır.

Ümumiyyətlə, Türkiyə və Azərbaycan hökumətlərinin boru kəmərinə və Ceyhan limanındakı terminala Heydər Əliyevin adının verilməsi haqqında qərarı onun türk dünyasında xidmətlərinin təsdiqinin təcəssümüdür. Bu qərar xeyli dərəcədə həm sovet, həm də vaxtilə Türkiyə Respublikasının atası Mustafa Kamalın etdiyi kimi, patriarxal-islam dünyasının bir çox xurafatlardan azad olan müstəqil milli dövlətin yaradılması ilə əlaqədardır. Avrasiyanın daxilində yerləşən Xəzər dənizi, əslində, böyük potensial karbohidrogen ehtiyatlarına malik, lakin bu hələlik dünya bazarlarına birbaşa çıxışı olmayan qapalı hövzədir. Hazırda mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərləri Türkiyə boğazları vasitəsilə Dünya okeanı ilə əlaqəsi olan yarıqapalı qitədaxili Qara dənizə çıxır. Lakin bu tranzit yolların xam neftin dünya bazarına çatdırılmasında bir sıra mühüm nöqsanları vardır. Onlardan başlıcası qəza nəticəsində dənizə neft axması ehtimalı, boğazlardan keçən tankerlərin tutumunun məhdudluğu, habelə Qara dənizin sərt iqlim şəraitidir – güclü qasırğalar ucbatından bu dənizin limanları ilin 100 günü işlək vəziyyətdə olmur. Bütün bunlar isə nəticə etibarilə xam neftin Xəzər hövzəsindən dünya bazarına nəql olunmasının səmərəliliyinə mənfi təsir göstərir.

Heydər Əliyevin müəllifi və Möhtərəm Prezidentimiz İlham Əliyevin davamçısı olduğu neft strategiyası günü-gündən inkişaf edərək bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir!

Yaqublu Şəfiqə,
Xəzər rayonu,
237 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button