AnalitikaGündəmİqtisadiyyat

Bakı Enerji Platforması Qlobal Əməkdaşlıq Mərkəzinə Çevrilir

İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi Azərbaycan üçün təkcə növbəti beynəlxalq tədbir deyil, həm də ölkənin enerji siyasətində strateji dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışı bu baxımdan həm simvolik, həm də praktik əhəmiyyət kəsb edir.

Azərbaycan uzun illərdir ki, enerji ixracatçısı kimi regional və qlobal səviyyədə mühüm rol oynayır. Neft və qaz resurslarının səmərəli idarə olunması, transmilli boru kəmərləri və sabit siyasi-iqtisadi mühit ölkəni etibarlı tərəfdaşa çevirib. Lakin bu gün Azərbaycan öz enerji strategiyasını təkcə karbohidrogenlər üzərində deyil, həm də alternativ və bərpaolunan mənbələr üzərində qurmağa çalışır. Prezident Əliyevin çıxışında yaşıl enerji vurgusu, xüsusilə bu keçidin təkcə ekoloji deyil, həm də geosiyasi və iqtisadi zərurət olduğunu göstərdi.

Qarabağ və Şərqi Zəngəzur kimi azad olunmuş ərazilərdə “yaşıl enerji zonaları”nın yaradılması təşəbbüsü Azərbaycanın post-münaqişə dövründə ekoloji dayanıqlığa verdiyi əhəmiyyətin göstəricisidir. Eyni zamanda Xəzər dənizində planlaşdırılan külək enerjisi layihələri də ölkənin beynəlxalq yaşıl enerji bazarına çıxış niyyətini ortaya qoyur. Bu proses, sözsüz ki, xarici investorların marağını da artırır.

Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsinə çağırış idi. Enerji təhlükəsizliyi məsələsi bu gün bir çox ölkənin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan isə bu məsələdə həm tədarükçü, həm də nəqliyyat və dialoq platforması rolunu oynamağa davam edir. Bakı Enerji Həftəsi bu baxımdan sadəcə texnoloji yeniliklərin nümayişi deyil, həm də enerji diplomatiyasının mühüm meydanıdır.

Bu tədbir və Prezidentin çıxışı Azərbaycanın yeni enerji mərhələsinə keçidinin siyasi və strateji çərçivəsini cızdı. Bu çərçivədə Azərbaycan bir tərəfdən mövcud enerji potensialını səmərəli şəkildə dünya bazarına çıxarır, digər tərəfdən isə gələcəyin enerji tələblərinə hazırlaşaraq yaşıl texnologiyaların və ekoloji məsuliyyətin ön planda olduğu bir model qurmağa çalışır. Bu yanaşma isə təkcə regional deyil, qlobal miqyasda Azərbaycanın enerji liderliyini möhkəmləndirir.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button