
Azərbaycan Cənubi Qafqazda öz iqtisadi potensialı və digər sahələrdə inkişafı ilə diqqəti çəkir. Bundan başqa ölkəmiz həm də regionda öz qonşuluq missiyasını uğurla yerinə yetirir. Bu sahədə daha çox qonşuluq yaşı əsrlərə çatan Gürcüstanla münasibətlər də yüksək səviyyədədir. Bu gün də bu dostluq əlaqələri ən yüksək səviyyədə inkişaf etdirilir. Elə aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kevalaşvilinin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda da bu məsələlərə geniş şəkildə toxunulur.
Cənab Prezidentin vurğuladığı kimi, son vaxtlar Azərbaycan və Gürcüstan birgə çox önəmli layihələrin icrasını həyata keçiriblər. Bu layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də coğrafiyamız üçün geniş əhəmiyyət daşıyır. Bütün bunların fonunda siyasi əlaqələrin inkişafı da ürəkaçandır. Qarşılıqlı siyasi dialoqların fəallığı, yüksək səviyyədə təmasların müntəzəm olaraq həyata keçirilməsi diqqəti çəkir. ən maraqlı məqam isə odur ki, hər iki dost, qardaş ölkə bir birini ən yüksək ,beynəlxalq təşkilatlarda dəstəkləyir. Birgə həyata keçirilən neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri böyük əhəmiyyət daşıyır və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bunun nəticəsidir ki, bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, bu dövlətlərdən biri də Gürcüstandır və bu ixrac da məhz, qonşu ölkə vasitəsilə reallaşdırılır. İndi Azərbaycan və Gürcüstan nəqliyyat-kommunikasiya sahəsində Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda inşa edilib. Bu işlər hər iki ölkədə böyük sinergiya yaradıb. Əgər biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu sözsüz ki, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. Mühüm logistika layihələrinin əhəmiyyətindən biri də ölkələrimizin ərazisindən keçən yüklərin həcminin ildən-ilə artması və bu yüklərin həcminin genişləndirilməsi üçün əlavə addımların gerçəkləşdirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi hər iki ölkənin həyata keçirdiyi layihələr Asiya ilə Avropanı birləşdirən mühüm tranzit xəttidir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Hər iki ölkə arasında yaranan əlaqələrdən doğan iqtisadi güc və qarşılıqlı münasibətlər Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyinə də öz töhfəsini verməsinə şərait yaradır. Çünki Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan inamlı addımlar atır. Lakin o da təəssüfləndirici faktdır ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ölkə başçımız İlham Əliyevin Gürcüstan Prezidentinin Azərbaycana səfəri ilə bağlı mətbuata bəyanatda dediyi kimi: “Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.
Qeyd edək ki, bu gün hər iki ölkənin rəsmi dövlət qurumları da ən yüksək səviyyədə əməkdaşlıq edir. Hazırda Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu da mövcuddur.
Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin gələcək inkişafı üçün çox vacib bir məsələdir. Strateji əhəmiyyətli coğrafiyada yerləşdiyi üçün Asiya ilə Avropa da bu münasibətlərdən yaralana bilir.
Sitarə Vəliyeva,
Zabrat qəsəbəsi, 71№li tam orta məktəbin ibtidai sinif müəllimi