AnalitikaGündəmSiyasət

Azərbaycanın yeni reallıqları və Prezident İlham Əliyevin tarixi missiyası

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və ardıcıl daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün dünyanın ən təhlükəsiz və sabit ölkələrindən biri kimi tanınır. Uzun illər davam edən işğala son qoyulması, beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq dövlət suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsi regionda yeni siyasi reallıqlar formalaşdırmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində qazanılan tarixi Qələbə, paralel şəkildə aparılan uğurlu diplomatik fəaliyyətlə möhkəmləndirilmiş və sülhün əsasları təmin olunmuşdur. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazda deyil, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz məkanında güclü və təsirli dövlət kimi çıxış edir. Ölkəmiz milli maraqlara söykənən müstəqil və praqmatik siyasəti ilə beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu aktora çevrilmişdir.

Prezident İlham Əliyevin daxili siyasətində dövlət idarəçiliyinin modernləşdirilməsi, institusional islahatların dərinləşdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi əsas yer tutur. Regionların tarazlı inkişafına yönəlmiş proqramların icrası, yol, enerji, su və sosial infrastruktur layihələrinin genişləndirilməsi ölkənin davamlı inkişafını təmin etmişdir. Eyni zamanda, inzibati və struktur islahatlar həyata keçirilmiş, elektron hökumət və rəqəmsal xidmətlərin tətbiqi genişləndirilmişdir.

İqtisadi sahədə aparılan siyasət neft və qaz gəlirlərinin effektiv idarə olunmasına və iqtisadiyyatın çoxşaxəli inkişafına xidmət edir. Dövlət Neft Fondunun səmərəli fəaliyyəti, qeyri-neft sektorunun genişləndirilməsi, kənd təsərrüfatının inkişafı, sənaye parklarının yaradılması və ixracın təşviqi bu strategiyanın əsas istiqamətlərini təşkil edir. Azərbaycanın regional və beynəlxalq enerji və nəqliyyat layihələrində fəal iştirakı ölkənin həm iqtisadi, həm də geosiyasi əhəmiyyətini daha da artırmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir. Ordu müasir silah və texnologiyalarla təchiz edilmiş, peşəkar hərbi kadrların hazırlanması və hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi təmin olunmuşdur. Vətən müharibəsi dövründə hərbi əməliyyatlar yüksək planlaşdırma, mərhələlilik və koordinasiya əsasında aparılmış, bu da qələbənin əsas şərtlərindən biri olmuşdur.

44 günlük müharibə zamanı Prezident İlham Əliyev təkcə hərbi və siyasi lider kimi deyil, həm də informasiya cəbhəsində əsas söz sahibi kimi çıxış etmişdir. Onun faktlara söykənən, ardıcıl və qətiyyətli mövqeyi dezinformasiyaların qarşısını almış, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmışdır.

Dövlət başçısı təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafını daim diqqət mərkəzində saxlamışdır. Milli-mədəni irsin qorunması, beynəlxalq idman tədbirlərinin keçirilməsi və gənclər siyasətinin gücləndirilməsi bu sahədə aparılan dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın müasir inkişaf mərhələsi ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi altında ölkədə siyasi sabitlik möhkəmləndirilmiş, iqtisadi inkişaf təmin olunmuş və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Cənab İlham Əliyev Azərbaycan dövlətçiliyinin davamlılığını və strateji maraqlarını təmin edən uzaqgörən və prinsipial siyasi lider kimi tarixə düşmüşdür.

 Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button