
9 aprel 2025-ci il tarixində Bakı şəhərində yerləşən ADA Universitetində keçirilən və artıq beynəlxalq səviyyədə nüfuz qazanmış “Yeni dünya nizamına doğru” adlı forum bir daha sübut etdi ki, Azərbaycan həm regionda, həm də qlobal miqyasda formalaşan yeni siyasi-iqtisadi düzəndə fəal iştirak etmək əzmindədir. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin son illərdə keçdiyi tarixi inkişaf yolunu və qarşıdakı strateji hədəfləri geniş təhlil edərək iştirakçıların diqqətinə çatdırdı. Tədbir, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə baş tutdu. Foruma 30-dan çox ölkədən 60-a yaxın tanınmış ekspert, akademik, diplomat və ictimai-siyasi xadim qatılmışdı. Bu platforma, müxtəlif ölkələrin və regionların nümayəndələrinə müasir çağırışları müzakirə etmək, ideya və təcrübə mübadiləsi aparmaq imkanı yaratdı. Prezident İlham Əliyev çıxışında yeni dünya nizamının formalaşmaqda olduğunu və bu prosesin dərin geosiyasi dəyişikliklərə səbəb olduğunu vurğuladı. O qeyd etdi ki, dünyada baş verən silahlı münaqişələr, dövlətlərarası qarşıdurmalar, iqtisadi qeyri-sabitlik və enerji təhlükəsizliyi məsələləri ölkələri yeni strateji yanaşmalar axtarmağa vadar edir. Azərbaycanın bu yeni düzəndə öz yerini necə müəyyənləşdirdiyindən danışan dövlət başçısı bildirdi ki, ölkə balanslaşdırılmış və müstəqil xarici siyasət yürüdür. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Forumda Prezident Əliyev Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnməsindən sonra regionda aparılan bərpa və yenidənqurma işlərinə xüsusi diqqət ayırdı. O bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir, şəhərlər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu prosesi tamamilə öz maliyyə imkanları hesabına həyata keçirir və bu, ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Bununla yanaşı, reinteqrasiya prosesi də davam edir və regionun sosial-iqtisadi inteqrasiyası təmin edilir. Prezident çıxışında Azərbaycanın regional əməkdaşlıqda oynadığı rol və təşəbbüslər barədə də ətraflı məlumat verdi. O, Cənub Qaz Dəhlizi kimi layihələrin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulayaraq bildirdi ki, Azərbaycan bu gün etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilməsi, Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görülən işlər də çıxışın əsas mövzularından biri oldu. Prezident bu təşəbbüslərin region ölkələri üçün iqtisadi əməkdaşlıq imkanlarını genişləndirdiyini və qarşılıqlı asılılığı artırdığını bildirdi. Prezident İlham Əliyev, həmçinin iqlim dəyişikliyi, qlobal ərzaq təhlükəsizliyi, informasiya müharibələri və suverenliyə qarşı yönələn yeni texnologiyalarla bağlı təhdidlərə də toxundu. Prezident bu kimi məsələlərdə beynəlxalq həmrəyliyin və ədalətli münasibətlərin vacibliyini vurğuladı. O bildirdi ki, dünya gücləri arasında qarşılıqlı hörmətə əsaslanan dialoq olmasa, qlobal sabitlik mümkün olmayacaq. Forumun sonunda təşkil olunan sual-cavab sessiyasında Prezidentə bir sıra beynəlxalq iştirakçılar tərəfindən müxtəlif mövzularda suallar ünvanlandı. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasəti, Cənubi Qafqazdakı vəziyyət, beynəlxalq təşkilatlarla münasibətlər və ölkənin iqtisadi prioritetləri barədə ətraflı və açıq şəkildə cavablar verdi. Bu format Prezidentin şəffaf və prinsipial mövqeyini bir daha nümayiş etdirdi. “Yeni dünya nizamına doğru” forumu Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, yeni çağırışlara cavab verən düşüncə platformalarının formalaşması və milli maraqların müdafiəsi baxımından mühüm əhəmiyyətə malik oldu. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regional lider olmaqla yanaşı, qlobal miqyasda da öz mövqeyini möhkəmləndirməkdə davam edir.
Günel Nəsibova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi