AnalitikaGündəmSiyasət

Azərbaycanın siyasi sabitliyi və xarici siyasətdə balanslı yanaşması ölkəni etibarlı tərəfdaşa çevirib

9 aprel 2025-ci il tarixində ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda təşkil olunmuş beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhatəli və strateji xarakter daşıyan çıxış edib. Forumda dünyanın müxtəlif ölkələrindən 60-dan çox nüfuzlu beyin mərkəzinin rəhbəri, ekspertlər, diplomatlar və tanınmış akademiklər iştirak ediblər. Tədbir yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan çağırışların müzakirəsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Prezident İlham Əliyev çıxışında dəyişən dünya nizamına dair öz baxışını bölüşərək, beynəlxalq münasibətlər sistemində dərin transformasiyaların baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə dövlətlərin milli maraqlarını müdafiə etmə qabiliyyəti və çevik diplomatik yanaşmaları əsas amil kimi ön plana çıxır. Prezident qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər – siyasi sabitlik, iqtisadi inkişaf və xarici siyasətdə balanslaşdırılmış yanaşma – ölkəni qlobal səviyyədə etibarlı tərəfdaşa çevirib. Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ildə başa çatmış Vətən müharibəsindən sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. O vurğulayıb ki, bu ərazilərin bərpası təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda yeni idarəetmə modeli, “ağıllı şəhər” və “ağıllı kənd” konseptlərinin tətbiqi ilə müşayiət olunur. Prezident bildirib: “Bu gün işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə yanaşmaları tətbiq edilir. Biz bu əraziləri gələcəyin şəhərləri kimi inşa edirik. Bu, eyni zamanda ölkəmizin texnoloji və idarəetmə potensialını da nümayiş etdirir.” Dövlət başçısı diqqəti bərpa olunan enerji, mədənçilik və kənd təsərrüfatı kimi sektorların inkişafına yönəldib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələri günəş, külək və hidroenerji baxımından böyük potensiala malikdir və artıq bu istiqamətdə bir sıra beynəlxalq layihələr həyata keçirilir. Eyni zamanda, Prezident Ermənistanın işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz şəkildə istismar etməsinə də toxunaraq, bununla bağlı hüquqi mexanizmlərin işə salındığını vurğulayıb. O bildirib ki, bu məsələ həm hüquqi, həm də siyasi baxımdan diqqətdə saxlanılmalıdır. Prezident İlham Əliyev forumda humanitar çağırışlara da xüsusi yer ayırıb. O, işğaldan azad olunmuş ərazilərdə minaların yaratdığı təhlükədən danışaraq, bu problemin beynəlxalq ictimaiyyət tərəfindən daha çox diqqətə alınmasının vacibliyini qeyd edib: “Azərbaycanın minalarla mübarizəsi yalnız bizim deyil, bütün bəşəriyyətin problemidir. Biz minalardan təmizləməni Dayanıqlı İnkişaf Məqsədlərinə daxil etmək təşəbbüsü ilə çıxış etmişik və bu, humanitar baxımdan çox əhəmiyyətlidir.” Prezident Əliyev çıxışının sonunda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki proseslərə toxunub. O vurğulayıb ki, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə sülh müqaviləsinin imzalanması paralel proseslər olaraq davam etməlidir. Azərbaycan tərəfinin səmimi niyyətinə baxmayaraq, bəzi hallarda Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşmalar müşahidə olunur. Buna baxmayaraq, Prezident Azərbaycanın bütün razılaşmalara sadiq qaldığını və regionda davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini bəyan edib. Prezident İlham Əliyevin bu forumdakı çıxışı Azərbaycanın təkcə regional güc deyil, həm də qlobal səviyyədə məsuliyyətli və təşəbbüskar aktor olduğunu bir daha göstərdi. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi artım, həm də dayanıqlı inkişaf baxımından nümunəvi ölkələrdən biri kimi çıxış edir. Forum çərçivəsində Prezidentin verdiyi mesajlar beynəlxalq ekspertlər tərəfindən də diqqətlə izlənildi və yüksək qiymətləndirildi. Bu, Azərbaycanın diplomatik və intellektual gücünün daha da artdığını göstərən mühüm göstəricidir.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button