AnalitikaGündəmSiyasət

Azərbaycanın qonşu ölkələrlə o cümlədən Rusiya ilə əməkdaşlıq əlaqələrinin inkişafını yüksək qiymətləndirilir

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasəti, regional sabitlik və beynəlxalq münasibətlər kontekstində mühüm əhəmiyyət kəsb edir. Bu müsahibə, xüsusilə də, Cənubi Qafqazdakı cari vəziyyət və Azərbaycanın gələcək hədəfləri ilə bağlı əsas məsələlərə aydınlıq gətirmişdir. Prezident İlham Əliyev müsahibədə Qarabağ mövzusuna xüsusi diqqət ayıraraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və bu kontekstdə atılan addımları vurğuladı. O, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda sabitliyin təmin olunması üçün sülh təşəbbüslərinə davam etdiyini qeyd etdi. Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesinin əsas prioritet olduğunu bildirən dövlət başçısı, Ermənistanın revanşist yanaşmalardan çəkinməsinin vacibliyini vurğuladı. Prezident Əliyev müsahibəsində beynəlxalq hüququn prinsiplərinə xüsusi önəm verdiyini bir daha bəyan etdi. Azərbaycanın suverenliyinə hörmətin və dövlət sərhədlərinin toxunulmazlığının beynəlxalq münasibətlərin əsas tələbləri olduğunu qeyd edən Prezident, Ermənistan tərəfindən bu prinsiplərə əməl edilməsinin əhəmiyyətini vurğuladı. O, eyni zamanda, Azərbaycanın qonşu ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıq əlaqələrinin inkişafını yüksək qiymətləndirdi. Azərbaycanın iqtisadi inkişaf strategiyası və enerji siyasəti də müsahibədə diqqət mərkəzində idi. Prezident İlham Əliyev ölkənin enerji layihələrinin qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini xüsusi qeyd etdi. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini və bu istiqamətdə yeni perspektivlərin nəzərdən keçirildiyini bildirdi. Prezident Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürütməyə davam etdiyini və hər hansı bir güc mərkəzinə tərəf meyillənmədən balanslı yanaşma tətbiq etdiyini vurğuladı. Regionda yaranan geosiyasi dinamikaları dəyərləndirən Prezident, Azərbaycanın regional liderlik mövqeyini qorumaq və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi çıxış etmək əzmində olduğunu ifadə etdi. Müsahibədə humanitar sahələr və mədəniyyət məsələləri də əksini tapdı. Prezident İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri, o cümlədən “Bakı Prosesi” və digər təşəbbüsləri vurğulayaraq, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini qeyd etdi. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasətinə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa dair bir çox mühüm məsələləri əhatə etdi. Bu müsahibə, Azərbaycanın gələcək inkişaf prioritetlərini və mövcud çağırışlarla bağlı baxışını beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm platforma oldu.

Rəna Süleymanlı,
Yap-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button