Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılışında etdiyi çıxışda mühüm məqamlara toxunaraq, bəzi Qərb dairələrinin ikili standartlarını, siyasi riyakarlıqlarını və Azərbaycanın beynəlxalq səviyyədə artan roluna qarşı mənfi kampaniyalarını tənqid etdi. O, qeyd etdi ki, təzyiqlərə və boykot təşviqlərinə baxmayaraq, COP29 sammitində 196 ölkədən 72 min iştirakçı, o cümlədən 80 Prezident, Vitse-prezident və Baş nazirin iştirak etməsi Azərbaycanın böyük qlobal dəstək gördüyünü göstərir.
Dövlət başçısı, tədbirin əsas prioritetinin iqlim dəyişikliyi və ekoloji problemlərin həlli olduğunu vurğuladı və bildirdi ki, sammit vasitəsilə həmçinin Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliklər və ekoloji təhlükələr də beynəlxalq ictimaiyyətə çatdırılacaq.
Təbii ki, COP29 siyasi bir tədbir deyil. Lakin tarixi həqiqətlərin iç üzü də məhz bu tədbirlə gələn qonaqlara bir daha baş salınacaq. Məsələn torpaqlarımıza olan düşmən işğalı, orada baş verən ekoloji terror və s. Həmçinin tədbirin prioriteti iqlim və digər ekoloji problemlərin həlli üçün təşkil edilib, lakin bununla belə ölkəmizə qarşı qarayaxma kampaniyalarının getdiyini görürük. Bu gün Bakıda dünyanın gələcəyi müzakirə edilir, amma bəzi ölkələr üçün öz cılız maraqları planetin maraqlarından üstündür.
Sonda Prezident Əliyev COP29-u boykot təşəbbüslərinin uğursuzluğa düçar olduğunu vurğuladı və Bakının böyük qlobal diqqət mərkəzinə çevrilməsini Azərbaycanın qlobal arenada mövqeyinin möhkəmləndiyinin əyani sübutu kimi təqdim etdi. Bu tədbir, Azərbaycanın qonaqpərvərliyini və beynəlxalq məsələlərdə liderlik rolunu bir daha nümayiş etdirdi.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı