“Qlobal enerji təhlükəsizliyi fonunda bərpaolunan enerji imkanlarının dəyərləndirilməsi və bu sahəyə sərmayələrin yatırılması Azərbaycan nümunəsini diqqət mərkəzinə gətirir. Çünki bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Hazırda isə hədəf bərpaolunan enerji sektorudur. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində qeyd etdiyi kimi, Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək. Prezident İlham Əliyevin bu fikirləri bir daha sübut edir ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur ki, onun ixracı üçün kifayət qədər ixrac marşrutları lazımdır: “Bu səbəbdəndir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasından sonra Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası, həmçinin digər şirkətlərlə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqların aparılması deyilən fikrin əyani sübutlarıdır. Ümumlikdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər əsasında 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Beləliklə də, bütün bu çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək”.
Ramil Vəlibəyov əlavə edib ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb: “Heç şübhəsiz ki, bu Sazişlə Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabel çəkiləcək. Məhz, bu ixrac yolu bütövlükdə Azərbaycanda istehsal olunacaq bərpaolunan enerjinin Avropa qitəsinə çıxarılmasına əlverişli şərait yaradacaq”.