Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatında iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. Azərbaycan idman ölkəsi kimi artıq beynəlxalq aləmdə geniş tanınır, respublikamızın idman sahəsindəki uğurlarını, Olimpiya və Paralimpiya hərəkatının inkişafına verdiyi töhfələri idman ictimaiyyəti yüksək qiymətləndirir. Son illərdə Azərbaycanda keçirilmiş I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 kimi irimiqyaslı yarışlar buna əyani sübutdur.
Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında böyük uğurla çıxış etmişlər. Azərbaycan Milli Olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş, 10 bürünc medal və Paralimpiya yığma komandasının XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazanması ölkəmizdə idmanın inkişafının və böyük potensiala malik olmasının parlaq təzahürüdür. Daha əvvəl, Azərbaycanlı idmançılar 1952-ci ilə 1988-ci illərdə Olimpiya Oyunlarında Sovet İttifaqının bir hissəsi kimi yarışıb və Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin “Birləşmiş Komandasında” yarışıb. Azərbaycanlı idmançılar Yay Olimpiya Oyunlarında, güləş, güllə atıcılığı, boks, cüdo, taekvondo, kano sprint və ağır atletika idman növlərində, cəmi 45 medal qazanıb. Sovet İttifaqının olimpiadalarda debütü 1952-ci ildə Finlandiyada baş tutan XV Yay Olimpiya Oyunlarına təsadüf edib.
Ölkəmizdə 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı və 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı. Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına qatılıb və o gündən bu yana hər Olimpiya Oyunlarına idmançı göndərib. 1992-ci ildə keçiriləcək 25-ci Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ-nin dövlət quruluşu məhv oldu. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik qazandılar. Suverenlik əldə etmiş respublikalar öz milli olimpiya komitələrini yaratsalar da, 1992-ci ildə BOK bu komitələrdən çoxunu tanımırdı. Bu da müstəqil dövlətlərin böyük əksəriyyətinin Olimpiya oyunlarında sərbəst iştirak etmək hüququnun olmadığını göstərirdi. Buna görə də keçmiş SSRİ-nin tərkibində olan 15 müttəfiq respublika Olimpiya oyunlarında Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası adı altında çıxış etdi. Yay Olimpiya Oyunlarında medal qazanan atletlərimiz arasında güləşçilərimiz, bir qayda olaraq, xüsusilə fərqləniblər. Bu da ölkəmizdə güləşin qədim tarixi kökləri ilə bağlıdır. Elə bir azərbaycanlı tapmaq çətindir ki, uşaq və yeniyetmə çağlarında bu və ya digər səviyyədə güləşlə məşğul olmasın. Bu mənada bütün olimpiadalarda medal qazanmağa şanslı atletlərimiz arasında güləşçilərimizin daha önəmli mövqeyə sahib olması anlaşılandır. Rio-2016-da qələbə uğrunda mübarizə aparan güləşçilərimizin də təbii ki, yüksək nəticələr gözlənilirdi. Ən müxtəlif səviyyələrdə verilən bu proqnozları olimpiadada iştirak edən güləşçilərimiz ləyaqətlə doğrultdular. Olimpiadanın güləş yarışlarında 14 idmançı ilə çıxış edən milli komandamız 3 gümüş və 6 bürünc olmaqla 9 medal qazandılar. Bu nəticə ölkəmizin müstəqil dövlət kimi indiyədək iştirak etdiyi Olimpiya Oyunları ilə müqayisədə güləş idman növündə ən çox medal qazanılan yarışlardır. Ölkəmizin Olimpiya tarixində yeni bir səhifə açan güləşçilərimiz qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdürüblər – hərəyə 9 medal.
2021-ci ilə qədər isə Azərbaycan bayrağını Yay Olimpiya Oyunlarının açılış mərasimində heç bir qadın idmançı aparmamışdı. Beynəlxalq Olimpiya Komitəsinin 2020-ci ilin martında gender bərabərliyinin tənzimlənməsi məqsədilə açılış mərasimləri zamanı bayraqları 2 idmançının aparması barədə qərar qəbul elədi. 2021-ci ildə baş tutan XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimində Fəridə Əzizova Azərbaycan bayrağını aparan idmançıdan biri olmaqla tarixə birinci qadın bayraqdar olaraq düşdü. Beləliklə, olimpiyaçılarımız yüksək əzmkarlıq sayəsində 18 medal qazanıblar. Bunun sayəsində Azərbaycan Olimpiya Hərəkatında və idman tarixində yeni səhifə açılıb. Şübhəsiz ki, qazanılan 18 medal uşaq və gənclərimizi idmana həvəsləndirən əsas stimullardan biridir.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin Tarix müəllimi