GündəmAnalitikaSiyasət

Azərbaycanın nüfuzu və beynəlxalq əməkdaşlığı

Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənib. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib.

Müasir dünyada uğurlu dövlətçilik nümunələri çox deyil. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin keçdiyi inkişaf yolu xüsusi diqqət cəlb edir. Bu uğurun təməlində isə BƏƏ-nin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyan tərəfindən müəyyən edilmiş siyasi fəlsəfə və bu xəttin bu gün Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi dayanır. “Zayed İnsan Qardaşlığı Mükafatı” — Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşıyan prestijli beynəlxalq mükafatdır. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, xüsusilə son illərdə sülh gündəliyinin təşəbbüskarı və aparıcı fiquru kimi çıxış etməsi ilə daha da möhkəmlənib. Onun liderliyi ilə Azərbaycan münaqişədən postmünaqişə mərhələsinə keçidi bacaran, regionda yeni reallıqlar yaradan dövlətə çevrilib. Bu kontekstdə “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin münaqişədən dialoqa, qarşıdurmadan əməkdaşlığa keçid prosesində göstərdiyi siyasi iradənin beynəlxalq səviyyədə tanınması kimi dəyərləndirilir. Mükafat, sülhün yalnız hərbi və siyasi vasitələrlə deyil, qarşılıqlı anlayış və humanist dəyərlər üzərində qurulmasının mümkünlüyünü nümayiş etdirən liderlərə verilir.

4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi təkcə nüfuzlu beynəlxalq tədbir deyil, eyni zamanda müasir dünya üçün mühüm siyasi, mənəvi və humanist mesajların səsləndirildiyi bir platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mərasimdəki çıxışı xüsusilə sülh, dinlərarası dialoq və regional sabitlik mövzularında verdiyi aydın və qəti mövqeyi ilə diqqət çəkdi. Prezident İlham Əliyevin 4 fevral 2026-cı il tarixində Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı, təkcə formal mükafat sözləri deyil, həm də beynəlxalq dialoq və sülhün təşviqi istiqamətində real addımların yüksək səviyyədə tanınması kimi qiymətləndirilməlidir. Bu çıxış həm Prezidentın liderlikdə rolunun, həm də Azərbaycan-BƏƏ münasibətlərinin strateji əhəmiyyətinin bir göstəricisidir. Prezident İlham Əliyev mərasimində çıxışında bildirib ki, Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. “Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”, – deyə cənab Prezident əlavə edib. BƏƏ bu gün sülh və ahəngdar şəraitdə yaşayan çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin uğurlu nümunəsi kimi tanınır. Müxtəlif dinlərə, mədəniyyətlərə və millətlərə mənsub insanların qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Şeyx Məhəmməd bin Zayedin rəhbərliyi ilə tolerantlıq və multikulturalizm yalnız şüar səviyyəsində qalmayıb, real sosial və hüquqi mexanizmlərlə təmin edilib. Bu model bir çox ölkələr üçün aktual olan sosial harmoniyanın necə qurulmasına dair real təcrübə təqdim edir. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirərək Birləşmiş Ərəb Əmirliklərini tarixə söykənən, gələcəyə yönələn, sülh və ahəng üzərində qurulmuş müasir dövlət modelinə çevirib. Bu gün BƏƏ yalnız regional güc deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və uğurlu dövlətçilik nümunəsi kimi qəbul olunur.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, onun beynəlxalq aləmdə formalaşmış yüksək nüfuzunun, sülhə və insan qardaşlığına əsaslanan siyasətinin rəsmi təsdiqidir. Bu mükafat təkcə bir dövlət başçısına verilən fərdi qiymət deyil, eyni zamanda Azərbaycanın seçdiyi siyasi yolun, humanist dəyərlərə söykənən inkişaf modelinin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.

Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini əsirgəmir. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, iki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və hər iki ölkənin vətəndaşlarının rifahına xidmət göstərəcək.

Məmmədova Nuranə,
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button