
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirdiyi fikirlərin mühüm istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi məsələsidir. Azərbaycanın iqtisadi inkişafında neft və qaz sektorunun xüsusi çəkisi uzun illər mühüm rol oynayıb. Bununla yanaşı, Prezident İlham Əliyev çıxışında neft-qaz sektorunun hələ uzun müddət ölkə iqtisadiyyatında aparıcı investisiya sahələrindən biri olaraq qalacağını bildirməklə yanaşı, qeyri-neft sahələrinin potensialından daha geniş istifadə edilməsinin vacibliyini də ön plana çıxarıb.
Burada diqqət çəkən məqam iqtisadi diversifikasiyanın neft-qaz sektoruna alternativ kimi deyil, həmin sektorun yaratdığı maliyyə imkanlarından istifadə etməklə həyata keçirilən uzunmüddətli transformasiya kimi nəzərdən keçirilməsidir. Prezident İlham Əliyevin təqdim etdiyi yanaşmada enerji gəlirlərinin yeni infrastruktura, texnologiyaya, insan kapitalına və digər iqtisadi sahələrə yönəldilməsi mühüm yer tutur. Bu model resurs gəlirlərinin yalnız cari istehlaka deyil, gələcək istehsal potensialına çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun ÜDM-də çəkisinin yüksək olması ilə ixracda neft-qazın dominant mövqeyi arasında müəyyən struktur fərqi mövcuddur. Prezident İlham Əliyev də çıxışında bu məsələyə diqqət çəkərək ÜDM ilə ixrac strukturunun eyni səviyyədə diversifikasiya olunmadığını vurğulayıb. Bu, iqtisadi siyasətin növbəti mərhələsində əsas hədəflərdən birinin qeyri-neft məhsullarının və xidmətlərinin ixrac qabiliyyətini artırmaq olduğunu göstərir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu məhz bu baxımdan Azərbaycanın iqtisadi diversifikasiya gündəliyinin beynəlxalq investorlarla əlaqələndirilməsi üçün mühüm platformadır. Prezident İlham Əliyevin enerji ilə yanaşı logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, mədənçilik və insan kapitalını investisiya istiqamətləri kimi təqdim etməsi iqtisadi modelin genişləndirilməsinə xidmət edir. Bu prosesin uzunmüddətli nəticəsi Azərbaycanın ixrac strukturunda qeyri-xammal məhsullarının və yüksək əlavə dəyərli xidmətlərin payının artması ilə ölçülə bilər.
Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini



