
Enerji təhlükəsizliyi və dayanıqlı inkişaf anlayışları XXI əsrin qlobal prioritetlərinə çevrildiyi bir dövrdə, Azərbaycan həm ənənəvi enerji resursları, həm də bərpaolunan enerji sahəsində irəli sürdüyü təşəbbüslərlə ön sıralarda yer almaqdadır. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında etdiyi çıxışlar bu baxımdan Azərbaycan dövlətinin enerji siyasətinin məntiqi davamı və strateji baxışının təzahürüdür.
Cənub Qaz Dəhlizi artıq bir layihədən çox, Avropa ilə Asiyanı birləşdirən enerji körpüsüdür. Prezidentin bu iclasda vurğuladığı kimi, bu təşəbbüs sadəcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Azərbaycan qazının Avropa bazarına çıxarılması təkcə bir enerji resursunun hərəkəti deyil, həm də əməkdaşlıq, etimad və qarşılıqlı maraqlar əsasında qurulmuş bir strateji platformadır. Bu layihə Azərbaycanın enerji ixracatçısı olaraq beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, regionun enerji xəritəsindəki çəkisini də artırıb.
Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan artıq regional enerji layihələrinin təşəbbüskarı və aparıcı icraçısına çevrilmişdir. Bu gün Azərbaycan yalnız enerji resurslarını ixrac edən bir ölkə deyil, həm də enerji təhlükəsizliyinin təminatında mühüm oyunçu kimi çıxış edir. Prezidentin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın rolu getdikcə daha çox ölkə tərəfindən tanınır və yüksək qiymətləndirilir.
Nəticə etibarilə, Cənab İlham Əliyev həm enerji diplomatiyasını, həm də texnoloji modernləşmə və innovasiya siyasətini uğurla birləşdirərək Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirir və ölkəni qlobal enerji sistemində strateji mərkəzə çevirir.
Həsənova Səbinə,
YAP-ın fəalı