
Azərbaycan Respublikasının paytaxtı Bakıda 11-22 noyabr 2024-cü il tarixlərində keçirilmiş COP29 Beynəlxalq İqlim Konfransı, qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımların atılmasına imkan yaratdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təşkil edilən bu konfransın əsas məqsədi yeni öhdəliklərin müəyyənləşdirilməsi, karbon emissiyalarının azaldılması və iqlim maliyyəsinin gücləndirilməsi olmuşdur.
Azərbaycanın bu nüfuzlu tədbirə ev sahibliyi etməsi, ölkənin qlobal ekoloji çağırışlara verdiyi önəmi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirdi. COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək mexanizmlərinin artırılması, yaşıl enerjiyə keçid, bərpa olunan enerji mənbələrinin təşviqi və sənayenin ekoloji standartlara əsasən uyğunlaşdırılması ilə bağlı mühüm qərarlar da qəbul edilib. Azərbaycan, xüsusilə yaşıl enerji strategiyası çərçivəsində Xəzər regionunu bərpa olunan enerji mərkəzinə çevirməyi hədəfləyib. Qarabağ və Şərqi Zəngəzur bölgələri isə “yaşıl enerji zonası” elan edilib və burada karbon emissiyasının minimuma endirilməsi planlaşdırılır.
2 aprel 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü keçirildi. Görüş zamanı Azərbaycan-Almaniya münasibətləri, enerji təhlükəsizliyi, yaşıl enerji sahəsində əməkdaşlıq və COP29-un qlobal iqlim gündəliyinə töhfələri müzakirə edildi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan yaşıl enerji keçidində Avropanın etibarlı tərəfdaşı olmağa hazırdır və bu istiqamətdə artıq bir sıra irimiqyaslı layihələr həyata keçirir. Eyni zamanda, Almaniyanın COP29 prosesinə dəstəyi və qlobal iqlim maliyyəsi ilə bağlı təşəbbüsləri də diqqət mərkəzində oldu.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, qlobal iqlim siyasətində tarixi dönüş nöqtələrindən biri oldu, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu və yüksək rəğbətini bütün dünyada daha da gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə dayanıqlı inkişaf və yaşıl enerji sahəsində nümunəvi modellər təqdim etməyə davam edir və edəcək.
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı